ADEX 2026: Dünya Müdafiə Sənayesinin Nəhəngləri Paradı

ADEX 2026: Dünya Müdafiə Sənayesinin Nəhəngləri Paradı

30 sentyabr 2026

Sentyabrın 30-da Bakı Ekspo Mərkəzində Qafqaz regionunun ən iri hərbi-texnoloji platformalarından biri olan və dünya müdafiə sənayesinin aparıcı şirkətlərini bir araya gətirən 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi ADEX 2026 öz işinə başlayıb. Eyni zamanda, Ekspo Mərkəzində Securex Caspian — 15-ci Beynəlxalq “Daxili təhlükəsizlik, Mühafizə və Xilasetmə texnikası” sərgisinin açılışı keçirilib. Sərgilərin təşkilatçısı Caspian Event Organisers şirkətidir.

Təşkil olunduğu ilk illərdən etibarən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ADEX-i ziyarət edərək sərgi ilə yaxından tanış olması, tədbirin iştirakçıları və qonaqlarına salamlama məktubu ünvanlaması sərgiyə dövlət səviyyəsində göstərilən yüksək diqqətin təzahürüdür. Bu, sərgiyə böyük etimadı nümayiş etdirməklə yanaşı, onun Azərbaycanın beynəlxalq nüfuza malik milli brendi statusunu təsdiqləyir.

Sərginin rəsmi açılış mərasimind çıxış edən Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev bütün xarici nümayəndə heyyətlərinə, xarici şirkətlər nümayəndələrinə, sərginin işində əməyi kecən nazirlik, struktur, sponsor və təşkilatçılara öz təşəkkürünü bildirdi.

Cənab nazir qeyd etdi ki, “ADEX bu ilin inkişaf miqyasını əks etdirməkdədir. Sərgi göstəriçilərinin artmasında möhüm bir məna var. Bakı peşəkar müdafiyə sənayı dialoqu üçün getdikcə daha geniş beynəlxalq dairəni bir araya gətirir. Biz ADEX-i yalnız məhsulların nümayiş olunduğu məkan kimi görmürük. Əsas dəyər sərgi bitdikdən sonra başlayan işlərdə yaranır. Azərbaycan birgə inkişaf, birgə istehsal, texnologiya transferi və ortaq tədqiqat layihələrinə açıqdır. Mühəndislərin birlikdə işlədiyi, istehsal proseslərinin birgə təkmilləşdirildiyi və növbəti nəsil həlləri birgə yarandığı əməkdaşliğa üstünlük veririk. Arzu edirəm ki, qarşıdakı üç gün yeni əlaqələr, praktiki layihələr və uzunmüddətli etimad üçün məhsuldar olsun”.

Bu genişmiqyaslı tədbir regionun hərbi texnika və silah-sursatın nümayiş etdirildiyi aparıcı sərgilərindən biridir. Sərgi Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilati dəstəyi, həmçinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilir.

Bu il ADEX iştirakçı şirkətlərin sayına görə rekord vurur. Bununla əlaqədar olaraq, məhz ADEX 2026 sərgisi üçün Bakı Ekspo Mərkəzinin 5-ci pavilyonu istifadəyə veriləcək. Bu mühüm yenilik ADEX-in artıq yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. 5-ci pavilyonun fəaliyyətə başlaması sadəcə ekspozisiya sahəsinin genişləndirilməsi deyil, Azərbaycana və ölkənin müdafiə sənayesi potensialına artan beynəlxalq marağın, eləcə də ADEX-in beynəlxalq müdafiə sənayesində möhkəmlənən mövqeyinin əyani ifadəsidir.

ADEX və “Securex Caspian” sərgilərində bu il ümumilikdə 52 ölkə təmsil olunur. 30 ölkədən 277 şirkət və təşkilat sərgilərdə iştirak edir. Sərgilərdə stendlə təmsil olunacaq ölkələr arasında Azərbaycanla yanaşı, ABŞ, Almaniya, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Braziliya, Cənubi Koreya, Çexiya, Çin, Fransa, İspaniya, İtaliya, Litva, Macarıstan, Özbəkistan, Pakistan, Polşa, Rumıniya, Rusiya, Serbiya, Sinqapur, Slovakiya, Türkiyə, Ukrayna və digərləri yer alır.

ADEX 2026 sərgisində ABŞ-ın fəal iştirakı xüsusi diqqət çəkir. İlk dəfə olaraq Northrop Grumman, SIG SAUER, Lockheed Martin, Vantor və Ondas kimi tanınmış Amerika şirkətləri sərgidə iştirak edir. Almaniyanı ilk dəfə Rheinmetall və Rohde & Schwarz şirkətləri təmsil edir. Böyük Britaniyadan isə BAE Systems və digər şirkətlər sərgidə debüt edirlər.

Türkiyə ənənəvi olaraq sərgidə ən geniş təmsil olunan ölkədir. Türkiyənin Roketsan şirkəti ADEX sərgisinin Baş sponsoru, Amerikanın Northrop Grumman şirkəti isə “Tərəfdaş ölkə” kateqoriyasında sponsor kimi çıxış edir.

ABŞ, Azərbaycan, Belarus, ⁠Böyük Britaniya, Çexiya, Çin, İsrail, İtaliya, Pakistan, Rumıniya, Rusiya, Slovakiya, Türkiyə və Özbəkistan daxil olmaqla 14 ölkə sərgilərdə milli pavilyonla təmsil olunacaq.

Dövlətlərarası və hərbi-texniki əməkdaşlıq üçün mühüm görüş platforması olan ADEX ənənəvi olaraq müxtəlif ölkələrdən nüfuzlu qonaqları və nümayəndə heyətlərini cəlb edir. Hal-hazırda 33 ölkədən 45 xarici nümayəndə heyəti qeydiyyatdan keçmişdir.

Səfər çərçivəsində onların Azərbaycanın aidiyyəti dövlət qurumlarının nümayəndələri, yerli və xarici müdafiə sənayesi şirkətləri, istehsalçılar və sərgi iştirakçıları ilə görüşləri nəzərdə tutulur.

ADEX 2026-nın əsas yeniliklərindən biri Bakı Ekspo Mərkəzinin 4-cü pavilyonunun ilk dəfə milli ekspozisiyaya ayrılmasıdır. Müdafiə Sənayesi Nazirliyi sərgini dəstəkləməklə yanaşı, tabeliyində olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti, “Müdafiə Sənayesi Tədqiqat və İnnovasiya Mərkəzi” publik hüquqi şəxs və “MİRAS Hərbi-Sənaye Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə birgə stendlə təmsil olunacaq. Azərbaycan Respublikası Müdafiə Nazirliyi də sərgidə ayrıca stendlə iştirak edərək fəaliyyət istiqamətlərini və imkanlarını təqdim edəcək.

Açıq sərgi sahəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, “Azərsilah” Müdafiə Sənayesi Holdinqi, “VLand Systems” MMC, “İmprotex”, “AZDEF” və “Exclases Holdings Limited” şirkətləri böyük stendlərlə iştirak edərək ən son texnologiya və həllərini nümayiş etdirəcək.

ADEX 2026 sərgisində dəniz gəmiləri və hərbi dəniz sistemləri, hərbi geyim və ləvazimatlar, hərbi laboratoriyalar, hərbi təhsil müəssisələri və hərbi təşkilatlar, ixracın təşviqi ilə məşğul olan müəssisələr, logistika xidmətləri, tibbi ləvazimatlar, mühəndislik sistem və qurğuları, müdafiə və təhlükəsizlik üzrə konsaltinq, optik-elektron avadanlıq və sistemlər, pilotsuz sistemlər, radiasiya, kimyəvi və bioloji müdafiə (RKB), radioelektron sistemlər və C4ISR texnologiyaları, silah istehsalı üçün avadanlıqlar, silah və sursat, silahların utilizasiyası üzrə vasitə və texnologiyalar, simulyatorlar və təlim sistemləri, tədqiqat institutları, təyyarə və aviasiya sistemləri, video nəzarət sistemləri və təhlükəsizlik siqnalları, zirehli döyüş nəqliyyat vasitələri və digər sahələr təmsil olunacaq.

ADEX 2026 sərgisində təqdim olunan yeniliklər arasında hərbi nəqliyyat vasitələri və atıcı silahlar sahəsində həllər xüsusi yer tutur. Beynəlxalq istehsalçılarla yanaşı, Azərbaycan şirkətləri də dünya miqyasında tanınmış müdafiə brendlərini nümayiş etdirirlər.

ADEX və Securex Caspian sərgilərinin iştirakçıları və ziyarətçiləri üçün müdafiə sənayesi, daxili təhlükəsizlik, təhsil və kadr hazırlığı, innovasiyalar və qabaqcıl texnologiyalar kimi mövzuları əhatə edən zəngin işgüzar proqram hazırlanıb. Sərgilərin keçirildiyi günlərdə texnologiya və innovasiya sessiyaları, interaktiv seminar, panel müzakirələri və peşəkar fikir mübadiləsi və təcrübə paylaşımı üçün təlim sessiyası keçiriləcək.

 

Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN