ELİAS SOLANA, "İNDRA GROUP" ŞİRKƏTİNİN BİZNESİN İNKİŞAFI ÜZRƏ BAŞ MENECERİ (İSPANİYA)
"Indra Group" Avropanın aparıcı müdafiə şirkətlərindən biridir və İspaniyanın müdafiə sənayesində milli lideridir. Biz uzun illərdir ki, müdafiə sahəsindən olan müştərilər üçün müxtəlif sistemlər və həllər hazırlayır və istehsal edirik. Fəaliyyətimiz təkcə bu sahələrlə məhdudlaşmasa da, biz əsasən elektron mübarizə və radar sistemləri üzrə ixtisaslaşmışıq.
Biz uzun illərdir Azərbaycana gəlirik və burada təkcə müdafiə sektorunda deyil, həm də digər sahələrdə, o cümlədən ictimai nəqliyyat və hava hərəkətinin idarə edilməsi sahələrində fəal şəkildə çalışırıq.
ADEX-i çox yaxşı və faydalı platforma hesab edirik. Bizim üçün bu sərgidə iştirak etmək hər şeydən əvvəl müştərilərimizlə şəxsən görüşmək, onlarla söhbət etmək və hazırda hazırladığımız yeni məhsul və həlləri təqdim etmək imkanıdır. Biz həmçinin ümid edirik ki, bu, yaxın gələcəkdə yeni müqavilələr bağlamağımıza imkan verəcək.
Burada biz Azərbaycandan, eləcə də regionun digər ölkələrindən olan bir çox müştərilərimiz və nümayəndələrimizlə görüşmək imkanı əldə etdik. Şəxsən mənim üçün bu, Azərbaycana ilk səfərdir və məndə çox müsbət təəssürat yaranıb. Burada olmaq mənim üçün böyük zövqdür.