ADEX 2026 – Dünya müdafiə sənayesi bazarının əsas tədbiri

ADEX 2026 – Dünya müdafiə sənayesi bazarının əsas tədbiri

3 oktyabr 2026

Oktyabrın 2-də Bakı Ekspo Mərkəzində regionun hərbi texnika və silahların aparıcı sərgisi olan 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi — ADEX 2026 öz işini başa çatdırdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanim Mehriban Əliyeva sentyabrın 30-da ADEX 2026 və 15-ci “Daxili təhlükəsizlik, mühafizə və xilasetmə texnikası” Securex Caspian sərgisi ilə tanış olublar.

Otuz ölkədən 277 şirkəti bir araya gətirən ADEX 2026 dünya müdafiə sənayesinin aparıcı oyunçularını birləşdirdi. Ümumilikdə ADEX və Securex Caspian sərgilərində 52 ölkə təmsil olunub. Sərgilər Bakı Ekspo Mərkəzinin beş pavilionunu və açıq hava meydançasını əhatə edib. Sərgi sahəsinin maksimum genişləndirilməsi Azərbaycana və ölkənin müdafiə sənayesi potensialına olan beynəlxalq diqqəti bir daha vurğuladı. Bu hal bir çox xarici ziyarətçilər tərəfindən də qeyd olunub.

İlk dəfə olaraq ABŞ-ın Northrop Grumman, SIG SAUER, Lockheed Martin, Vantor və Ondas kimi tanınmış şirkətləri təqdim olundu. Almaniyadan Rheinmetall və Rohde & Schwarz, həmçinin Böyük Britaniyadan BAE Systems və digər şirkətlər debütlə çıxış etdilər. Türkiyə ənənəvi olaraq sərgidə ən geniş təmsil olunan ölkə oldu.

Azərbaycan, Belarus, Böyük Britaniya, Çexiya, Çin, İspaniya, İsrail, İtaliya, Pakistan, Rusiya, Slovakiya, Türkiyə, ABŞ və Özbəkistan olmaqla 14 ölkə milli pavilyonlarla təmsil olunub. Ənənəvi beynəlxalq iştirakçılar arasında Türkiyədən Roketsan, Aselsan, Baykar, Turkish Aerospace Industries (TAI) və Havelsan, İtaliyadan Leonardo, Çexiyadan CSG, Birləşmiş Ərəb Əmirliklərindən EDGE Group və İspaniyadan INDRA yer alıb.

ADEX 2026-nın əsas yeniliklərindən biri Bakı Ekspo Mərkəzinin 4-cü pavilionunu tamamilə əhatə edən milli ekspozisiya oldu. Açıq sərgi meydançasında “Azersilah” Müdafiə Sənayesi Holdinqi, VLand Systems LLC, Improtex, AZDEF və Exclases Holdings Limited şirkətlərinin ekspozisiyaları yerləşdirilib.

ADEX 2026-nın ekspozisiyasında dünya müdafiə sənayesi bazarının müasir həlləri nümayiş etdirilib. Bunlara dəniz gəmiləri və hərbi-dəniz sistemləri, hərbi geyim və təchizat, hərbi laboratoriyalar, tibbi ləvazimatlar, optiki-elektron avadanlıqlar və pilotsuz sistemlər, radiasiya, kimyəvi və bioloji müdafiə (RKBM), C4ISR radioelektron sistemləri və texnologiyaları, silah və sursatlar, aviasiya sistemləri, videomüşahidə, mühafizə siqnalizasiyası və digər istiqamətlər daxildir.

Ziyarətçilər tərəfindən Türkiyənin BMC şirkətinin yeni PAMİR 4×4 hərbi avtomobili, yerli istehsal olan TUNA mühərrikli modernləşdirilmiş KİRPİ II 4×4, eləcə də mürəkkəb iqlim və relyef şəraitində yüksək dayanıqlılığı və manevr qabiliyyəti ilə seçilən VURAN 4×4 böyük maraq doğurub. USH Group dünyanın ən qədim silah istehsalçısı olan İtaliyanın Beretta şirkətini təqdim etdi. Az-Tex-Import şirkəti isə İtaliyanın hərbi avtomobil texnikası istehsalçısı Iveco Defence Vehicles (IDV) markasını nümayiş etdirdi.

ADEX 2026-nın yenilikləri arasında hərbi nəqliyyat vasitələri və atıcı silah sahəsindəki həllər xüsusi yer tuturdu. Beynəlxalq istehsalçılarla yanaşı, Azərbaycan şirkətləri də öz müdafiə brendlərini nümayiş etdirdilər. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi sərgidə tabeliyindəki strukturlarla birgə stendlə təmsil olunub.

Sərginin zəngin işgüzar proqramı müdafiə sənayesi, daxili təhlükəsizlik, təhsil və kadr hazırlığı, innovasiyalar və yüksək texnologiyalar məsələlərini əhatə edib. ADEX və Securex Caspian iştirakçıları və ziyarətçiləri innovasiya sessiyasında, interaktiv vorkşopda, akademik sessiyada, panel müzakirələrində, eləcə də trening-sessiyalarda iştirak ediblər. Bu tədbirlər peşəkar müzakirələr və təcrübə mübadiləsi üçün optimal şərait yaradıb. İşgüzar proqramın əsas elementlərindən biri ADEX-in innovativ təşəbbüsləri və perspektivli texnoloji həlləri dəstəklədiyini nümayiş etdirən “Milli Tədqiqatlara Dəstək Proqramı”nın təqdimatı oldu.

ADEX 2026 çərçivəsində Azərbaycanın dövlət strukturlarının nümayəndələrinin, beynəlxalq nümayəndə heyətlərinin və iştirakçı şirkətlərin iştirakı ilə ikitərəfli danışıqlar xüsusi əhəmiyyət kəsb edib. Bu görüşlər yeni işgüzar əlaqələrin qurulmasına, hərbi-texniki əməkdaşlığın genişləndirilməsinə, birgə layihələrin həyata keçirilməsinə və uzunmüddətli strateji tərəfdaşlıqların inkişafına töhfə verib.

Miqyaslı tədbir Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilati dəstəyi ilə, həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilib. Türkiyənin Roketsan şirkəti ADEX sərgisinin Baş sponsoru, ABŞ-ın Northrop Grumman şirkəti isə “Tərəfdaş ölkə” kateqoriyası üzrə sponsor qismində çıxış edib. Sərginin təşkilatçısı Caspian Event Organisers şirkətidir.

 

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN