OSMAN YEŞİLDEMİR, “GUNEY KESICI TAKIM” ŞİRKƏTİNİN NÜMAYƏNDƏSİ
Şirkətimiz metalkəsən alətlər sahəsində həllər təqdim edir. Türkiyədə biz əsasən müdafiə və aviasiya sənayesi müəssisələri ilə işləyirik, CNC dəzgahlarında istifadə olunan xüsusi formverici və standart alətlər təchiz edirik, həmçinin detalların mümkün qədər tez və etibarlı şəkildə istehsalını təmin etməklə istehsal prosesində iştirak edirik.
Azərbaycandakı sərgiyə səfərimin əsas məqsədi əməkdaşlığı inkişaf etdirmək və yeni tərəfdaşlıq əlaqələri qurmaqdır. Biz yerli şirkətlərlə görüşür, potensial birgə layihələri və uzunmüddətli tərəfdaşlıq imkanlarını müzakirə edirik, həmçinin bir-birimizə hansı sahələrdə töhfə verə biləcəyimizi araşdırırıq.
İlk növbədə, sərginin yüksək səviyyədə təşkil olunduğunu qeyd etmək istərdim. Burada müxtəlif ölkələrdən çoxsaylı iştirakçılar və nümayəndələr var. Miqyasına və beynəlxalq profilinə görə hesab edirəm ki, bu sərgi Türkiyədə və digər ölkələrdə keçirilən iri sərgilərlə tam müqayisə oluna bilər. Çox sayda beynəlxalq şirkətin burada iştirakı xüsusilə vacibdir. Bu, Azərbaycanın öz müdafiə sənayesinin inkişafına və bu saheə yatırılan investisiyalara nə qədər böyük diqqət yetirdiyini nümayiş etdirir. Biz bu səyləri yüksək qiymətləndiririk və ümid edirik ki, Türkiyə ilə Azərbaycan arasında əməkdaşlıq bundan sonra da inkişaf edəcək.
Hazırda Azərbaycan müdafiə sənayesində irimiqyaslı layihələr həyata keçirir. Xüsusilə, “Azersilah” Holdinqi əhəmiyyətli inkişaf dövrü keçirir, əhəmiyyətli investisiyalar yatırır və yüksək keyfiyyətli müdafiə məhsulları istehsal edir. Təbii ki, belə istehsalın inkişafı tərəfdaş şirkətlər və təchizatçılar olmadan mümkün deyil. Ona görə də biz müxtəlif müəssisələrlə əlaqələr qurmaqda və gələcək əməkdaşlıq imkanlarını araşdırmaqda maraqlıyıq. Sərgidə müdafiə sənayesinə yönəlmiş şirkətlər də təmsil olunub. Türkiyədə bizim bu sektorda Baykar, Roketsan və Aselsan kimi iri şirkətlərimiz var. Şirkətlər arasında qarşılıqlı əlaqə və tərəfdaşlığın inkişafı sayəsində yeni imkanlar yaranır və müxtəlif birgə layihələr işlənib hazırlanır.
Belə sərgilərin əhəmiyyətinə gəldikdə, bizim əsas məqsədimiz işgüzar tərəfdaşlıq əlaqələrini inkişaf etdirmək, yeni istehsal əlaqələri qurmaq və nəticə etibarilə ölkənin iqtisadi inkişafına töhfə verməkdir. Hər bir ölkə üçün milli müdafiə sahəsində öz ehtiyaclarını müstəqil şəkildə qarşılaya bilməsi, eyni zamanda bu sahədə digər ölkələrə dəstək olmaq potensialına malik olması çox vacibdir. ADEX sərgisi Azərbaycan üçün hərbi imkanlarını inkişaf etdirmək üçün əla fürsət yaradır.