ADEX yubiley sərgisi: Müdafiə sənayesinin yüzlərlə müasir təklifləri

ADEX yubiley sərgisi: Müdafiə sənayesinin yüzlərlə müasir təklifləri

24 sentyabr 2024 0000

Sentyabrın 24-də Bakı Ekspo Mərkəzində regionda müdafiə sənayesinə həsr olunmuş ən nəhəng tədbir olan 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” sərgisi ADEX öz işinə başlamışdır. Paralel olaraq, 14-сü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları “Securex Caspian” sərgisinin açılışı olub.
Sərgi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilir. Sərginin təşkilatçısı “Caspian Event Organisers” və onun beynəlxalq tərəfdaşı “Caspian Event Management” şirkətidir.
Sərginin rəsmi açılış mərasimində Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev “ADEX” sərgisinin iştirakçıları və qonaqlarına salamlama nitqi ilə çıxış edib.
“Əminliklə söyləmək olar ki, artıq 5-ci dəfə keçirilən ADEX sərgisi əvvəlki illərdəki kimi, yenə yüksək səviyyədə keçiriləcəkdir. ADEX dost və müttəfiq ölkələrin sənaye müəssisələri və aparıcı şirkətlər arasında əlaqələrin qurulmasında unikal rol oynayır. Bu sərgi dünya silah bazarında ixracı təklif olunan harbi-sənaye kompleksinin müxtəlif sahələri üzrə müasir müdafiə texnologiyaları, hərbi texnikanın ən son nümunələri ilə tanış olmaq, beynəlxalq hərbi-texniki əməkdaşlıq sahəsində və yeni müqavilələr imzalamaq üçün geniş imkanlar yaradır. Tədbirdə dünyaca məşhur yüzlərlə şirkət öz məhsullarını nümayiş etdirir. ADEX müxtəlif ölkələrin öz müdafiə və müdafiə sənayə sahələrinin güçləndirmələri, istehsal imkanlarının artırılmaları, müasir və innovativ vasitələrinin tətbiq etdirilmələri və təcrübə mübadiləsi aparılmaları baxımından önəmlidir.
ADEX ilə paralel keçirilən Securex 2024 sərgisində nümayiş olunan ləvazimatların, mühafizə sistemlərinin və silahların perspektivli modellərin də iştirakçılar tərəfində maraqla qarşılacağına əminəm.”, - nazir Vüqar Mustafayev qeyd etdi.
İlk “ADEX” sərgisi 2014-cü ildə təşkil edilib. Bu il 5 illik yubileyini qeyd edən sərgi, ildən-ilə iştirakçı siyahısını və əhatə etdiyi sektorları genişləndirməkdədir. Sərgi 10 illik uğurlu fəaliyyəti ərzində dünyanın 50-dən artıq ölkəsini təmsil edən çoxsaylı şirkəti və 200-yə yaxın rəsmi nümayəndə heyətini bir araya gətirib. Bu illər ərzində sərgini 30000-dən çox qonaq ziyarət edib.
ADEX-in yüksək statusunu və tədbirə olan etimadın göstəricisini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərgiyə ənənəvi səfəri sübut edir. Bu il “ADEX” və “Securex Caspian” sərgilərinin miqyası daha da genişlənərək, əvvəlki illərlə nisbətdə ekspozisiyada artım nümayiş etdirir. Belə ki, sərgilər bu il artıq Bakı Ekspo Mərkəzinin yeni istifadəyə verilmiş 4-cü zalı da daxil olmaqla bütün ekspozisiyasını, eləcə də açıq sahəsini əhatə edəcəkdir.
Sərgidə 40 ölkədən 270-ə yaxın şirkət iştirak edir. İştirakçı ölkələr Azərbaycanla yanaşı ABŞ, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Çin, İspaniya, İsrail, İtaliya, Litva, Macarıstan, Pakistan, Qətər, Rusiya Federasiyası, Serbiya, Sinqapur, Slovakiya, Türkiyə, Ukrayna və digərləridir. Builki sərgilər iştirakçıların ümumi sayının 34%-ni təşkil edən yeni şirkətlər hesabına yenilənib. İştirakçı ölkələr arasında Macarıstan, Qətər, Sinqapur və Slovakiya 2022-ci il ilə müqayisədə sərgilərin yeni iştirakçılarıdır.
14 ölkə sərgilərdə milli pavilyonla təmsil olunacaq. Belə ki, Azərbaycan, Belarus, Çexiya, Çin, İtaliya, İsrail, Macarıstan, Pakistan, Qətər, Rusiya, Serbiya, Slovakiya, Türkiyə və Ukrayna sərgilərdə milli pavilyonla iştirak edəcək. 2022-ci il ilə müqayisədə iştirakçıların sayında 32% artım qeydə alınıb.
Azərbaycan da daxil olmaqla, Belarus, Bəhreyn, Burkina-Faso, Əlcəzair, Gürcüstan, İordaniya, İsrail, İtaliya, Küveyt, Malayziya, Mərakeş, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Pakistan, Rumıniya, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı, Serbiya, Slovakiya, Somali, Türkiyə, Türkmənistan, Ukrayna, Xorvatiya və Vyetnamı təmsil edən bu nümayəndə heyətləri tərkibində 300-dən çox rəsmi nümayəndələri sərgiyə qatılıb.
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi tabeliyində olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC ilə birgə iki sərgi zalında stendlə, eləcə də Bakı Ekspo Mərkəzinin açıq sahəsində böyük ekspozisiya ilə təmsil olunacaq. 2024-cü ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilk dəfə olaraq tədbirdə stendlə iştirak edəcək. Eyni zamanda tədbirlər çərçivəsində Bakı Ekspo Mərkəzinin 4-cü zalında Azərbaycan Hərb Tarixi Muzeyindən maket - "Zəfərimiz anbaan" sərgilənəcək, VR Zona təşkil ediləcəkdir.
“ADEX” sərgisində dəniz gəmiləri və hərbi dəniz sistemləri, hərbi geyim və ləvazimatlar, hərbi laboratoriyalar, hərbi təhsil müəssisələri və hərbi təşkilatlar, ixracın təşviqi ilə məşğul olan müəssisələr, logistika xidmətləri, tibbi ləvazimatlar, mühəndislik sistem və qurğuları, müdafiə və təhlükəsizlik üzrə konsaltinq, optik-elektron avadanlıq və sistemlər, pilotsuz sistemlər, radiasiya, kimyəvi və bioloji müdafiə (RKB), radioelektron sistemlər, C4ISR, silah istehsalı üçün avadanlıqlar, silah və sursat, silahların utilizasiyası üzrə vasitə və texnologiyalar, simulyatorlar və təlim sistemləri, tədqiqat institutları, təyyarə və aviasiya sistemləri, zirehli döyüş nəqliyyat vasitələri və digər sektorlar təmsil olunur. 2024-cü ildə “ADEX” sərgisinin əhatə etdiyi bölmələr sırasına yeni bir sektor – kibertəhlükəsizlik əlavə edilmişdir.
“ADEX” və “Securex Caspian” sərgiləri üçün geniş işgüzar proqram hazırlanıb. Sərgi günlərində "Gələcəyin Milli Hərbi Sənaye kompleksi" adlı startap layihəsi təqdim olunacaqdır. 2022-ci ildə “ADEX” və “Securex Caspian” sərgiləri çərçivəsində keçirilən "Vision 2022 - Gələcəyin Milli Hərbi Sənaye kompleksi" layihəsi böyük uğur qazanmışdır. Bu uğurdan ilhamlanaraq, bu il də startaplara yenidən “ADEX” və “Securex Caspian” sərgilərində öz layihələrini təqdim etmək imkanı yaradılmışdır. "Gələcəyin Milli Hərbi Sənaye kompleksi" layihəsində müdafiə texnologiyaları, mühafizə, xilasetmə, robototexnika və kibertəhlükəsizlik sahəsində startaplar nümayiş olunur.
Tədbirlər çərçivəsində çoxsaylı işgüzar görüşlər keçiriləcək. Azərbaycanın müvafiq qurumlarının nümayəndələri ilə sərgi iştirakçıları, eləcə də beynəlxalq nümayəndə heyətlərinin üzvləri və sərgi iştirakçıları arasında ikitərəfli görüşlər təşkil olunacaq.
Bunlarla yanaşı, üç sərgi günü ərzində “Müdafiə sahəsində avtomatlaşdırma və robotlaşdırma: perspektivlər və çağırışlar", “Azərbaycan Respublikasının azad edilmiş ərazilərinin bərpasındakı təcrübəsi”, "Müdafiə sənayesində yeni texnologiyalar: dronlar və pilotsuz sistemlər", "Radiasiya təhlükəsizliyi, radioaktiv mənbələrin mühafizəsi və qəzaların aradan qaldırılması", "Müasir tibbi avadanlıqların hərbi tibb sahəsində tətbiqi”, "Dəyişən təhdidlər: ətraf mühitin mühafizəsi istiqamətində kollektiv qayğılar", " Kibertəhlükəsizlikdə və hərbi sənayedə süni intellektin etik istifadəsində beynəlxalq nəzarətin tənzimlənməsi", "Kiberdiplomatiyanın kibermüharibələrin azaldılmasındakı rolu" mövzusunda panel müzakirələri keçiriləcəkdir. 
“ADEX” və “Securex Caspian” sərgiləri ilə paralel olaraq, Azərbaycanda ilk dəfə Kiberdiplomatiya üzrə Beynəlxalq Konfrans (ICCD) keçiriləcək. 25 sentyabr tarixində “Fairmont Baku” otelində təşkil ediləcək konfrans Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Rumıniya Respublikasının Kiberdiplomatiya Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutacaq. Tədbirin əsas tərəfdaşları Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzidir.







 

Rəsmi mehmanxana

Rəsmi outdoor reklam tərəfdaşı

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN