Sentyabrın 6-da Bakı Ekspo Mərkəzində 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi ADEX 2022 öz işinə başlayıb. Sərgi Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilati dəstəyi və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilir. Tədbirin təşkilati işlərinin icrası “Caspian Event Organisers” şirkətinə həvalə edilib.
“ADEX” 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri Mədət Quliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərgi iştirakçılarına təbrik məktubunu oxuyub.
Mərasim iştirakçıları arasında Azərbaycan Respublikasının Müdafiə naziri Zakir Həsənov, Azərbaycan Silahlı Qüvvələrinin komandanları, Müdafiə Nazirliyinin baş idarə, idarə və xidmət rəisləri, Müdafiə Sənayesi Nazirliyinin struktur rəhbərləri, VİP qonaqlar və xarici nümayəndə heyətləridir.
Müasir silah və texnika sərgisi olan “ADEX” Azərbaycan Respublikasının və dünya şirkətlərinin hərbi-sənaye kompleksinin gücünü və qüdrətini nümayiş etdirir. 26 ölkədən 200-dən çox şirkəti bir araya gətirəcək “ADEX” Bakı Ekspo Mərkəzinin üç pavilyonunu və açıq sahəsini əhatə edir.
İştirakçılar arasında Bolqarıstan, Çin, Fransa, İtaliya, Niderland və digər ölkələrin müdafiə sektorunun aparıcı şirkətləridir. İlk dəfə İordaniyadan olan şirkətlərin də qatılacağı builki sərgidə Belarus, İran, İsrail, Qazaxstan, Pakistan, Rusiya, Türkiyə və digər ölkələr milli stendləri ilə iştirak edirlər.
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin stendləri Bakı Ekspo Mərkəzinin birinci və üçüncü zallarında yerləşdirilib. Burada yerli istehsal olan ən son silah və hərbi texnika nümayiş etdirilir. Tədbir iştirakçıları ölkənin müdafiə kompleksindəki yeniliklərlə, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin mövcud və artmaqda olan imkanları ilə tanış ola bilərlər.
“ADEX”də ən müasir silah növlərinin genişmiqyaslı nümayişi Silahlı Qüvvələrin texniki cəhətdən yenidən təchiz olunmasına töhfə verəcək, konstruktiv ünsiyyətə, təcrübə mübadiləsinə, hərbi-texniki sahədə yerli və xarici mütəxəssislər arasında səmərəli əlaqələrin qurulmasına şərait yaradacaq.
Sərgidə təyyarə və aviasiya sistemləri, dəniz gəmiləri və hərbi dəniz sistemləri, zirehli döyüş nəqliyyat vasitələri, radioelektron sistemlər, C4ISR, optik-elektron avadanlıq və sistemlər, pilotsuz sistemlər, hərbi geyim və ləvazimatlar, silah və sursat, simulyatorlar və təlim sistemləri, radiasiya, kimyəvi və bioloji müdafiə (RKB), hərbi təşkilatlar, ixracın təşviqi ilə məşğul olan müəssisələr və s. sektorlar təmsil olunur.
“ADEX” ilə paralel olaraq, hüquq-mühafizə, sərhəd, xilasetmə, yanğınsöndürmə və xüsusi xidmət orqanları üçün ləvazimatların, kompleks mühafizə sistemlərinin və silahların perspektivli modellərini nümayiş etdirəcək 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgisi də keçirilir.
“ADEX” və “Securex Caspian” sərgiləri üçün geniş işgüzar proqram hazırlanıb. Sərgilərin keçiriləcəyi üç gün ərzində 4-cü Azərbaycan Beynəlxalq Müdafiə və Təhlükəsizlik Konfransı (pilotsuz sistemlər, kibertəhlükəsizlik, hərbi tibb sahəsində innovasiyalar və s. aktual mövzularda sessiyalar keçiriləcək), hərbi orkestrin çıxışları, hərbi mövzularda VR oyunları və digər tədbirlər təşkil ediləcək.
Bundan başqa, sərgi iştirakçıları ilə beynəlxalq heyətlərin, həmçinin Azərbaycanın müvafiq qurumlarının nümayəndələri arasında ikitərəfli görüşlər keçiriləcək.
Beləliklə, “ADEX” sərgisi beynəlxalq hərbi-texniki əməkdaşlıq sahəsində ən müasir silahların nümayişi və yeni müqavilələrin bağlanması üçün əla platformaya çevriləcək.