Xəbərlər

ADEX - ADEX-in uğurla keçirilməsi – dünya səviyyəsində kütləvi dəstək və bəyənilmə!

ADEX-in uğurla keçirilməsi – dünya səviyyəsində kütləvi dəstək və bəyənilmə!

08.09.2022

Xəbərlər

26 ölkədən 200-dən çox şirkəti bir araya gətirən “IV Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi ADEX” sentyabrın 8-də Bakı Ekspo Mərkəzində öz işini başa çatdırdı.

Sərgi üç pavilyonu, eləcə də Bakı Ekspo Mərkəzinin açıq meydançasını tutmuş və minlərlə mütəxəssisin, ekspertin, hərbi ixtisaslı bölmələrin rəhbərlərinin diqqətini cəlb etmişdir.

“ADEX” sərgisinin təntənəli açılış mərasimində təbrik məktubu müdafiə sənayesi naziri Mədət Quliyev tərəfindən tədbir iştirakçılarına oxunmuş Azərbaycan Prezidenti İlham Əliyevin sərgini ziyarət etməsi bu tədbirin əhəmiyyətini vurğulayan ən mühüm hadisə olmuşdur.

Dövlət başçısı xarici ölkələrin bütün əsas stendlərinə, eləcə də yerli ekspozisiyalara baş çəkdi, müasir silahların və hərbi-texniki təchizatın Azərbaycanın müdafiə qabiliyyəti üçün əhəmiyyətini qeyd etdi.

Səciyyəvi olan odur ki, İkinci Qarabağ müharibəsində qəhrəmancasına qazanılan qələbədə Azərbaycanın strateji üstünlüyü ilə yanaşı, ekspert və analitiklər ordumuzun döyüş sursatları ilə təchizatının, işğalçı ilə döyüşlərdə silahların peşəkar, ən səmərəli şəkildə istifadə edilməsinin əhəmiyyətini vurğulamışlar.

Sərgi iştirakçıları arasında Bolqarıstan, İtaliya, Çin, Fransa, Hollandiya və digər ölkələrin müdafiə sənayesinin aparıcı şirkətləri var. İordaniya şirkətləri sərgidə ilk dəfə idi ki, iştirak edirdilər.

Belarus, İran, İsrail, Qazaxıstan, Pakistan, Rusiya, Türkiyə və digər ölkələr öz milli stendləri ilə iştirak edirdilər.

Təyyarə və aviasiya sistemləri, hərbi donanma sistemləri, radioelektron və pilotsuz sistemlər, hərbi uniformalar və avadanlıqlar, silah-sursat və bir çox digər eksponatlar ziyarətçilərin böyük marağına səbəb oldu.

Beləliklə, “ADEX” sərgisi beynəlxalq hərbi-texniki əməkdaşlıq sahəsində ən müasir silahların nümayiş etdirilməsi və yeni müqavilələrin bağlanması üçün əla platformaya çevriləcək.

Azərbaycan və xarici ölkələrin ordularının, hərbi donanmalarının və hərbi hava qüvvələrinin nümayəndələri IV Müdafiə və Təhlükəsizlik Konfransında iştirak etdilər. Həmçinin sərgi iştirakçıları və beynəlxalq nümayəndə heyətlərinin üzvləri, eləcə də Azərbaycanın müvafiq strukturlarının nümayəndələri arasında ikitərəfli görüşlər keçirildi.

Sərgi Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilati dəstəyi və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə keçirildi.

“ADEX” sərgisi ilə eyni vaxtda Bakı Ekspo Mərkəzində “13-cü Beynəlxalq “Daxili təhlükəsizlik, Mühafizə və Xilasetmə” Securex Caspian sərgisi keçirildi.

Bu tədbirlərin təşkili “Caspian Event Organisers” şirkətinə həvalə edilmişdi.