Xəbərlər

ADEX - ANAMA minatəmizləmədə yeni metodologiyaları və xidmətləri sərgidə təqdim edəcək

ANAMA minatəmizləmədə yeni metodologiyaları və xidmətləri sərgidə təqdim edəcək

16.08.2022

Xəbərlər

Vüqar Süleymanov, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 15 yanvar tarixli 1251 saylı fərmanı ilə 1998-ci ildə Ümummilli Lider Heydər Əliyevin sərəncamı ilə təsis edilmiş Agentliyin əsasında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yaradıldı. ANAMA işğaldan azad olunmuş və müharibənin təsirinə məruz qalmış ərazilərdə həyata keçirilən mina təhlükəsi ilə bağlı fəaliyyətləri əlaqələndirmək, idarə  etməklə bərabər, həm də səlahiyyətli orqan olaraq, hökumətin bu sahə üzrə əsas icraçı qurumudur.

Agentliyin ADEX 2022 sərgisində iştirakının məqsədi minatəmizləmə fəaliyyətinə dair tətbiq edilən yeni metodologiyalar və xidmətlərin sərgilənməsi, bu sahədə əldə edilən nailiyyətlərin, eləcə də təlim kurslarının təqdim edilməsi ilə beynəlxalq arenada təmsil olunmasından ibarətdir.

Sərgidə ANAMA tərəfindən Qarabağda həyata keçirilən fəaliyyətlə bağlı təqdimatlar, əməliyyatlar zamanı zərərsizləşdirilmiş mina və partlamamış hərbi sursatların maketləri, həmçinin ən son beynəlxalq standartlar və metodologiyalara cavab verən avadanlıqlar təqdim olunacaq. Eyni zamanda, Agentlik ərazilərin tədqiqat işlərində dronlarla toplanmış məlumatın süni intellekt vasitəsilə emalını təmin edən və humanitar minatəmizləmədə dünya təcrübəsində ilk dəfə geniş miqyas alan texnologiyadan istifadəsi ilə bağlı məlumat veriləcək. Sərgidə Qarabağ xəritəsi üzərində minatəmizləmə əməliyyatlarının gedişatının həm statistik göstəricilər, həm də foto şəkillərlə izləmək imkanı olacaq.