EN
RU
4-cü Azərbaycan Beynəlxalq
Müdafiə Sərgisi

5 - 7 oktyabr 2021 Bakı Ekspo Mərkəzi
adex

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Fotoqalereya

İştirakçıların siyahısı
ADEX - Müdafiə sənayesi pandemiyadan sonra özünün tarixində görünməmiş yüksəliş dövrünü yaşayacaq
Media мərkəz » Xəbərlər

Müdafiə sənayesi pandemiyadan sonra özünün tarixində görünməmiş yüksəliş dövrünü yaşayacaq
13.05.2020

Xəbərlər

"Caspian Event Organizers" şirkətinin,“Azeri Defence” jurnalının baş redaktoru Rəşad Süleymanov ilə müsahibəsi

Hal-hazırda Azərbaycanın müdafiə sənayesi bazarının vəziyyətini necə qiymətləndirirsiniz? Hərbi sənaye məhsullarını istehsal edən müəssisələr nə dərəcədə aktiv işləyirlər? Dünyada hərbi sənaye məhsulları bazarında hansı tendensiyalar müşahidə olunur?

- Əvvəlcə maraqlı və günümüz üçün aktual olan suala görə təşəkkür edirəm! Bu gün dünyada müdafiə sənayesi ən gəlirli və perspektivli sahələrdən biridir. Təhlillərimiz əsasında deyə bilərəm ki, Azərbaycanda da qanunvericilik bazasının liberallaşdırılması, dövlət tərəfindən aqrar sektorda, İKT sektorunda həyata keçirilən təşviq proqramlarının müdafiə sənayesində tətbiqi, Türkiyədə və Qazaxıstandakı kimi Müdafiə Sənayesinin İnkişafına Dəstək fondlarının yaradılması və digər tədbirlərlə qısa zamanda bu sahənin əhəmiyyətli inkişafına nail olmaq mümkündür. Müdafiə sənayesində məhsulların yaradılması, elmi-tədqiqat işləri ciddi maliyyə tələb edir. Belə bir fondun yaradılması ilə bağlı layihələrin maliyyələşdirilməsi yerli mühəndislərin elmi-tədqiqat işlərinə cəlb edilməsi, xaricə beyin axınının qarşısının alınması, həmçinin özəl şirkətlərin perspektiv inkişafına dəstək baxımından əhəmiyyətlidir.

Bu gün müdafiə sənayesinin inkişafını özəl sektorun iştirakı olmadan təsəvvür etmək mümkün deyil. Dünyada mövcud olan bu tendensiya Azərbaycanda da müşahidə olunur.

Dövlət və özəl sektorun, eləcə də elmi institutların, tədqiqat mərkəzlərinin iştirakı ilə müdafiə sənayesinin perspektiv inkişafını əhatə edən yol xəritəsinin hazırlanmasına ehtiyac vardır. Düşünürəm ki, gələcək hədəflərimizin müəyyən edilməsi, koordinasiyalı fəaliyyət daha yaxşı fayda verə bilər.

Sualınızın ikinci hissəsinə cavab olaraq, deyə bilərəm ki, hazırda Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələri tərəfindən yerli ehtiyacların qarşılanması ilə yanaşı müəyyən məhsulların xaricə ixracı həyata keçirilir. Konkret rəqəmlər açıqlanmasa da, Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyətinə dair hesabatında müdafiə sənayesi üzrə ixracatın 5,5 dəfə artdığı qeyd olunur. Bunun neçə faizini real ixrac, neçə faizini reeksportun təşkil etdiyi barədə məlumat mövcud deyil.

Hərbi müəssisələrin aktiv işləməsi bir neçə faktordan asılıdır: marketinq işinin düzgün qurulması, bazarın ciddi öyrənilməsi, analizi, müraciətlərə çevik reaksiyanın verilməsi və sifarişlərin cəlbi.

Çoxsaylı oyunçuların olduğu bazarda daimi mövcud olmaq üçün ilk növbədə çeviklik tələb olunur.

Qlobal miqyasda “COVID-19” pandemiyasına baxmayaraq, müdafiə sənayesi şirkətləri fəaliyyətlərini davam etdirirlər.

Bu gün dünya miqyasında pandemiya ilə mübarizədə əsas ağırlığı müdafiə sənayesi müəssisələri daşıyır. “Lockheed Martin”, “Northrop Grumman”, “BAE Systems”, SAAB, ROSTEX, ASELSAN, “Elbit Systems”, “Poly Technologies”, “Airbus”, “Leonardo” kimi dünya müdafiə sənayesinin “devləri” viruslu insanların aşkarlanmasından dezinfeksiya işlərinə və təxliyyə sistemlərinə, analiz cihazlarına, qoruyucu vasitələrədək çox sayda zəruri məhsulların yaradılması və istehsalını həyata keçirir.

Pandemiyanın geniş yayıldığı qonşu İranda, Türkiyədə, Rusiyada və Qazaxıstanda aparıcı müdafiə sənayesi şirkətləri qısa müddətdə və sürətli şəkildə məsafədən hərarət ölçən cihazların, xəstələrin daşınması üçün izolyasiya edilmiş xərəklərin, geyimlərin, maskaların, qoruyucu üzlüklərin, nəfəs aparatlarının, dezinfeksiyedici və temperatur ölçən dronların, mobil hospitalların istehsalını həyata keçirməyə və məhsulları xəstəxanalara çatdırmağa nail oldular. Rusiyanın və İranın hərbi müəssisələri də, demək olar ki, bioloji və bakteroloji mübarizə vasitələrinin istehsalına kökləniblər. Bioloji silahların tədqiqi ilə məşğul olan laboratoriyalar virusun tədiqiqi, onun neytrallaşdırılması istiqamətində elmi-tədqiqat işləri aparır.

Hal-hazırda və pandemiyadan sonrakı dövrdə hərbi təyinatlı məhsulların satışı bazarını necə xarakterizə edərdiniz? Pandemiyadan sonra bu bazar nə dərəcədə aktiv olacaq?

- Yeni tip koronavirus pandemiyasının müdafiə sənayesi sektoruna da ciddi zərər vurduğu, sifarişləri gecikdirdiyi, yeni satınalma müqavilələrinin təxirə salındığı dövlətlərin və istehsalçıların rəsmi açıqlamalarından hiss olunur. Burada dünya bazarında neftin qiymətinin aşağı düşməsinə görə bir çox dövlətlərin “xərc kəmərlərini sıxmaları”nın da rolu az deyil.

Lakin əminliklə demək olar ki pandemiyadan sonrakı dövrdə müdafiə sənayesi özünün tarixində görünməmiş yüksəliş dövrünü yaşayacaq. Bundan da, şübhəsiz ki, bu gün – pandemiya dövründə öz doğru seçimini edən, vaxtını yeni məhsulların yaradılmasına həsr edən istehsalçılar qazanc əldə edəcəklər. “Soyuq müharibə” dövründə kimyəvi, bioloji və bakteroloji təhdidlərə hazırlıqlı olan ölkələrin anidən yaxalandıqları virusla mübarizədə “ehtiyatı əldən verdikləri” göründü. Dünyanı bürüyən pandemiya yenidən dövlətlərin KBRN (Kimyəvi, Bioloji, Radioaktiv və Nüvə) müdafiəsini gündəmə daşıyır ki, bu da postpandemiya dövründə KBRN sənayesinin yenidən canlanacağını proqnozlaşdırmağa əsas verir.

Faktiki olaraq, bu gün dünyanın bütün dövlətləri diqqəti silahlanmaya deyil, KBRN mübarizəyə yönəldib. Qeyd etdiyim kimi hazırlıqsız olduqlarından ordunun və mülki müdafiə qurumlarının ehtiyat fondlarından istifadə edirlər. Pandemiyadan sonra bir nömrəli məsələ həmin ehtiyatların bərpası olacaq. Eyni zamanda dövlətlər KBRN sistemlərinə soyuq müharibə dövründəkindən daha çox diqqət yetirəcəklər. Bu da müdafiə sənayesinin bu seqmenti üçün yeni imkanlar yaradacaqdır. Müdafiə sənayesi şirkətlərinin hazırkı dövrdə KBRN sistemlərinin, qoruyucu vasitələrin istehsalı üzrə çalışmaları ölkədaxili böyük ehtiyacları qarşılamaqdan əlavə, həm də postpandemiya dövründə ixrac potensialı deməkdir. Bu imkanlardan niyə də sənayemiz yararlanmasın?

Yaxın Şərq regionunda davam edən gərginlik, dünya miqyasında artan dron təhdidləri və s. təhdidlər bu sektorun inkişafını şərtləndirir.

Sərgi sənayesi böhran dövründə və pandemiyadan sonra müdafiə sənayesi bazarının inkişafına necə təsir göstərəcək?

- Koronavirus pandemiyası ilə əlaqədar olaraq, yanvar ayından dünya üzrə planlaşdırılan bütün sərgilər, o cümlədən müdafiə sərgiləri təxirə salınıb. Sərgilər müdafiə sənayesi sektorunda yeniliklərin müştərilərə tanıdılması, eləcə də istehsalçılar və istifadəçilər arasında biznes münasibətlərinin qurulması baxımından ən uyğun platformadır. Pandemiyadan sonra sərgilərdə də bir canlanma yaşanacağı şübhəsizdir. Hazırda bəzi sərgi təşkilatçıları virtual sərgilərin və B2B görüşlərin keçirilməsi üzərində işləyirlər. Hesab edirəm ki, sərgi təşkili sahəsində ixtisaslaşmış şirkətlərin bu sahədə yeni ideyalar ortaya qoymasına ehtiyac var.

Azərbaycanda sərgilərin təşkili və keçirilməsi sahəsində ixtisaslaşmış CEO şirkətinin də fəaliyyətlərini mütəmadi davam etdirdiyini, qarşıdakı aylar üçün planlaşdırılan sərgilərə ciddi hazırlıq gördüyünün şahidi olmaqdayıq. Əminəm ki, qısa müddətdə dünyanı bürüyən pandemiya aradan qalxacaq və sərgi sektorunda da əvvəlki kimi canlanma yaşanacaq. Bu işdə sizə uğurlar arzulayıram!

 



TƏRƏFDAŞLAR