EN
RU
4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi
8 - 10 sentyabr 2020 Bakı Ekspo Mərkəzi
adex

Stendin rezervasiyası

Sərgi qəzeti

Fotoqalereya

Dəvətnaməni əldə edin
ADEX - “Caspian Event Organisers” şirkəti payız mövsümündə 13 tədbir keçirməyi planlaşdırır
Media мərkəz » Xəbərlər

“Caspian Event Organisers” şirkəti payız mövsümündə 13 tədbir keçirməyi planlaşdırır
10.09.2019

Xəbərlər

Sentyabr ayında Azərbaycanın ticarət-sənaye sərgiləri bir daha öz qapılarını ziyarətçilərin üzünə açacaq. Daxili və xarici bazarlar arasında mühüm birləşdirici bənd funksiyasını yerinə yetirən sərgilər yerli innovativ layihələrin reallaşdırılması üçün aparıcı texnologiya və kapitalın cəlb olunmasına, eləcə də yerli məhsulların satışına kömək edir və “Made in Azerbaijan” brendinin təşviqinə də şərait yaradır. Caspian Event Organisers (СЕО) şirkəti tərəfindən təşkil olunan və dövlət strukturlarının dəstək verdiyi 13 sərgi iqtisadiyyatın qeyri-neft sektorunun müxtəlif mövzularını əhatə edəcək. Bu il Azərbaycanın iki ənənəvi sərgisi - “BakuBuild” və “bakutel” 25 illik, “Caspian Ecology” sərgisi isə 10 illik yubileylərini qeyd edir. Həmçinin bu il ilk dəfə olaraq Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları “Medinex” sərgi və forumu da keçiriləcək.

2019-cu ilin sərgi mövsümü 2-ci Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları “Gift & Promo Fair” və 2-ci Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri “AdPrint” sərgiləri ilə start götürəcək. “Gift & Promo Fair” sərgisi hədiyyə sektorunun özünəməxsus vitrininə çevriləcək, biznes hədiyyələrinin, reklam və promo suvenirlərinin, eləcə də sevdikləriniz və dostlarınız üçün hədiyyələrin geniş seçidini təklif edəcək. “AdPrint 2019” sərgisində vizual reklam texnologiyaları, mətbəə və poliqrafiya xidmətləri, reklam xidmətləri və tanıtımı, reklam qablaşdırılması və etiketlər və başqa məhsullar təqdim ediləcək. Builki sərgilərdə 40 şirkət iştirak edir. “Gift & Promo Fair” sərgisində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) tərəfdaşlığı ilə yaradılacaq xüsusi stenddə əsasən mikro və kiçik qadın sahibkarların əl işləri nümayiş olunacaq. Stenddə suvenirlər, ağac üzərində oymalar, xalçaçılıq və dekorativ-tətbiqi sənət nümunələri, bəzək əşyaları və aksesuarlar, oyuncaqlar və digər məhsullar sərgilənəcək. Sahə mütəxəssisləri üçün nəzərdə tutulmuş proqrama müxtəlif B2B görüşlər, panel diskussiyalar, müsabiqələr, defile və s. kimi tədbirlər daxil olacaq. Sərgilər 12-14 sentyabr tarixlərində “Boulevard Hotel Baku”-da keçiriləcək.

Sərgi mövsümü 10-12 oktyabr tarixlərində 13-cü Azərbaycan Beynəlxalq Təhsil “EduExpo” sərgisi ilə davam edəcək. Sərgi Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstək və iştirakı ilə keçirilir. Sərginin xarici iştirakçıların sırasında Almaniya, Belarus Respublikası, Çex Respublikası, İran, Qazaxıstan, Özbəkistan, Polşa, Rusiya, Türkiyə və Ukraynanın nümayəndələri yer alır. Azərbaycan İlahiyyat İnstitutu, Belarus Respublikası Təhsil Nazirliyi, Daşkənddə yerləşən Sinqapur Menecmentin İnkişafı İnstitutu, Lublin Mariya Kyuri-Sklodovski adına Universiteti, Moskva Fasiləsiz Təhsil İnstitutu (İNO) və Şahid Behişti adına Tibb Universiteti sərgidə debüt edəcək. Lexoslar, CLASS/VR kimi avadanlıq təmin edən şirkətlər də iştirakçılar sırasındadır. Sərgidə həmçinin Azərbaycanın ADA, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti və s. kimi aparıcı ali təhsil müəssisələri iştirak edəcəklər. Sərginin baş sponsoru “Kapital Bank”dır.

Daha sonra sərgi mövsümü 25-ci Yubiley Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild”, Xəzər Beynəlxalq Mebel, İnteryer və Dizayn “Caspian MebelExpo”, 12-ci Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu “Aquatherm Baku” və 12-ci Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri “Securex Caspian” sərgilərini özündə cəmləşdirən “İnşaat həftəsi”ndəki təkliflər toplumu ilə davam edəcək. “İnşaat həftəsi” 22-25 oktyabr Bakı Ekspo Mərkəzində keçiriləcəkdir.

“BakuBuild” sərgisinin yubileyi intensiv iş rejimində: təqdimatlar, ikitərəfli görüşlər, müsabiqələr və seminarlarla müşayiət olunacaq. Sərgi iştirakçıları sırasında Almaniya, BƏƏ, İran, İtaliya və digər ölkələrin milli qrupları yer alırlar. Bu il Türkiyənin milli stendi, eləcə də Rusiyanın Kirov və Penza regionlarının stendləri sərgidə debüt edir. Yerli istehsalçı və distribyutorlar tədbirdə böyük tərkibdə iştirak edəcəklər. Sərginin sponsoru qismində isə tədbirin daimi iştirakçısı - “NB Group” şirkəti çıxış edir.

İlk dəfə olaraq “Сaspian Еvent Оrganisers” (СEO) şirkətinin təşəbbüsü və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə “BakuBuild” sərgisi çərçivəsində alıcı missiyası təşkil olunacaq. Missiyanın təşkili sərgidə nümayiş olunan məhsullara maraq göstərən Gürcüstan, İran, Rusiya, Özbəkistan və digər ölkələrdən olan potensial müştərilər üçün maksimum səmərəli və rahat iş şəraitinin yaradılması məqsədi ilə həyata keçiriləcək. Bu barədə AZPROMO rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev məlumat verib. Bildirilib ki, “Azərbaycan ərazisinə alıcı missiyalarının təşkili” mexanizmi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı ilin 5 oktyabr tarixli fərmanı ilə təsdiq edilmiş 10 fərqli mexanizm - dəstək tədbirindən biridir. Sözügedən mexanizm “Made in Azerbaijan” brendi ilə istehsal olunan məhsulların rəqabət qabiliyyətini artıracaq və yerli məhsulların ixracının genişləndirilməsi, eləcə də, qeyri-neft istehsalının stimullaşdırılmasında mühüm rol oynayacaq. Qeyd olunub ki, gələcəkdə təşkil olunacaq digər sərgilərdə dəbu mexanizmin tətbiq olunacağı nəzərdə tutulub. “Сaspian Еvent Оrganisers” şirkətinin baş direktoru Fərid Məmmədovun sözlərinə görə, “AZPROMO” və “CEO” şirkəti arasında mövcud əməkdaşlıq əlaqələri alıcı missiyasının təşkili ilə yeni mərhələyə qədəm qoyur. Azərbaycan məhsullarının ölkə xaricində tanıdılması və ixracın stimullaşdırılması məqsədi ilə reallaşdırılacaqbu dəstək tədbiri yerli və xarici iş adamları arasındaişgüzar dialoqun qurulması və qeyri-neftməhsullarının ixracının təşviqi istiqamətində mühüm rol oynayacaq.

Təşkilatçıların məhsul portfelinə daxil olan yeni layihə 6-7 noyabr tarixində “JW Marriott Absheron Baku” otelində keçirilməsi planlaşdırılan Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları “Medinex 2019” sərgi və forumu olacaq. Tədbir sektorun müxtəlif mütəxəssislərini, o cümlədən rəqəmsal səhiyyə mütəxəssislərini sənayenin gələcək inkişafı məqsədi ilə bir araya gətirmək üçün nəzərdə tutulub. “Medinex” sərgisi 3 zonadan ibarət olacaq: “Showcase”, “İnnovasiyalar zonası” və “Təqdimatlar zonası”. Sərgidə tibbi texnika və avadanlıqlar, dərman preparatları, ortopedik və stomatoloji avadanlıqlar, tibb müəssisələri və apteklər üçün xüsusi mebellər və başqa məhsullar təqdim ediləcək. “Medinex” sərgisi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən dəstəklənir. “Medinex” sərgisi ilə paralel olaraq Azərbaycan Beynəlxalq Gözəllik İndustriyası “Beauty Azerbaijan 2019” sərgisi keçiriləcək.

Daha sonra 10-cu Yubiley Azərbaycan Beynəlxalq Ətraf Mühit “Caspian Ecology” sərgisi keçiriləcək Sərgi öz stendi ilə tədbirdə iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və IDEA İctimai Birliyi tərəfindən dəstəklənir. Sərgidə Azərbaycan, Rusiya, İsveçrə, Xorvatiya, İtaliya, Fransa, Almaniya və Böyük Britaniya şirkətləri iştirak edəcək. Sərgi üçün işgüzar proqram və əlavə tədbirlər proqramı hazırlanıb. Yubiley tədbirin sponsor heyəti sərginin yüksək statusunu əks etdirir. Qızıl sponsor qismində “Mətanət A” şirkəti çıxış edir. “Holcim Azerbaijan” şirkəti həmçinin sərginin sponsorları sırasındadır. Sərginin yubileyi münasibəti ilə təşkilatçılar hələ ilin əvvəlində öz sosial məsuliyyət proqramları çərçivəsində “Təbiəti qoru” şüarı altında bir sıra tədbirlər keçirməyə başlayıb – plastik paket və “beyc”lərdən tam imtina edərək, reklam məhsullarının hazırlanması zamanı təkrar emal olunan materiallara üstünlük verirlər.

Ənənəvi olaraq, mövsümə öz 25 illik uğurlu yubileyini qeyd edən Azərbaycan Beynəlxalq Telekommunikasiya,

İnnovasiya və Yüksək Texnologiyalar “bakutel” sərgisi ilə yekun vurulacaq. Bu il sərgi yeni brend və formatda təqdim ediləcək. Builki sərginin xüsusiyyəti əsas diqqətin texnologiyaların özünə deyil, qabaqcıl texnologiyaların köməyi ilə səhiyyə, inşaat, neft-qaz sənayesi və təhsil kimi sahələrdə real tapşırıqların həllinə yönəldilməsidir. Sərgi xüsusilə ixtisaslaşmış seminarlar, yeni məhsulların təqdimatı və “B2B” formatlı görüşlərin daxil olduğu maraqlı işgüzar proqramla da mütəxəssislərin diqqətini cəlb edəcək. Sərgi ilə yanaşı, ardıcıl olaraq ikinci il “bakutel Tech Talks” Beynəlxalq Müzakirə Platforması təşkil ediləcək. Dolğun məzmun, yüksək səviyyəli məruzəçilər və qızğın müzakirələr rəqəmsal texnologiyalar aləminə dalmaq, bununla da sərginin iştirakçı və ziyarətçilərinə gələcəyə nəzər salmaq və sektorun ən vacib təmayüllərini izləmək kimi unikal fürsət verəcək. “bakutel Tech Talks” platforması 3 müzakirə sessiyasından ibarət olacaq. Artıq ənənəvi olaraq “Bizimkilər” sessiyasında xaricdəki tanınmış İT şirkətlərində çalışan həmvətənlərimiz çıxış edəcək. İkinci “Women Tech Talks” sessiyasında İT sahəsində uğurlara imza atan qadınlar iştirak edəcək və hazırda üzərində çalışdıqları layihələr barədə məlumat verəcəklər. Üçüncü “FinTech Talks” sessiyasında bank və İT sektorlarının nümayəndələri yaxın gələcəkdə tətbiqi zəruri olan texnologiyaları müzakirə etmək üçün bir araya gələcəklər. Builki sərginin yeniliyi sərgi salonunda yerləşən, biznes və gündəlik həyat üçün şirkətlərə təqdimat formasında innovativ həll variantlarını elan etmək imkanı verən “İnnovasiyalar zonası” adlı interaktiv platforma olacaq.

Sərgidəki ab-hava parlaq yubiley tədbirləri ilə daha da dolğun olacaq. Həmçinin burada ziyarətçilərə “VR” və “AR” texnologiyalarına əsaslanan məhsulların, yeni robot texnikaları və digər məhsulların təqdim ediləcəyi ayrıca “Oyun zonası” yerləşəcək. Sərginin sponsorlarından biri qismində İsveçrənin “Mitto” şirkəti çıxış edir. Sərgi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi və fəal iştirakı ilə keçiriləcək.

Sərgilər ilə əlaqədar olan tədbirlərə hələ sərgilər başlamazdan əvvəl start veriləcək. Eksponentlər təşkilatçılar tərəfindən iştirakçıların sərginin bütün resurslarından səmərəli şəkildə istifadəsinə və nəticədə də sərgidən daha çox fayda əldə etməsinə kömək etmək məqsədi ilə keçirilən işgüzar səhər yeməyində bir araya gələcəklər. Hər sərgi çərçivəsində yerli və xarici sahibkarların iştirakı ilə “B2B” formatlı görüşlər, müxtəlif tematik tədbirlər, müzakirələr və müsabiqələr təşkil ediləcək.

Beləliklə, Azərbaycanın paytaxtını yenidən işgüzar tədbirlər ilə dolu sərgi mövsümü gözləyir. Hər sərgi tədricən əməkdaşlıq layihələrinə çevrilən və maliyyə dividentləri gətirən geniş işgüzar əlaqələr zonası yaradır. Hər il sərgiləri minlərlə alıcı və əməkdaşlıqda maraqlı olan insanlar ziyarət edirlər. Öz təchizatçıları olsa da, onlar hər il daha sərfəli təkliflər almaq, innovasiyalar ilə tanış olmaq və öz təchizatçılarının zamanla nə dərəcədə ayaqlaşdıqlarını müqayisə etmək üçün sərgiləri ziyarət edir. Məlum olduğu kimi, kim sərgidə iştirak etmirsə, o, bazarda da iştirak etmir. Ziyarətçilər üçün payız sərgilərinə qeydiyyat artıq sərgilərin bütün veb-saytlarında açıqdır.

Sərgilər Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən dəstəklənir. 2019-cu ildə sərgilərin tərəfdaşları arasında “Qafqaz Hotels and Resorts”, “Intourist Hotel” və “Boulevard Hotel” mehmanxanaları, “Greenwich Travel Club” turoperatoru, eləcə də rəsmi stend quraşdırma üzrə tərəfdaş «AzExpoMontage» yer alırlar. “Uşaq zonası” üzrə tərəfdaş - "Bağçam" Uşaq Bağçaları Şəbəkəsidir.



TƏRƏFDAŞLAR