EN
RU
4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi
8 - 10 sentyabr 2020 Bakı Ekspo Mərkəzi
adex

Dəvətnaməni əldə edin

Stendin rezervasiyası

Sərgi qəzeti

Fotoqalereya
ADEX - Regionda ən böyük Beynəlxalq Müdafiə sərgisi olan ADEX 2018 Sentyabr ayının 25-i start götürəcək
Media мərkəz » Mətbuat açıqlaması

Regionda ən böyük Beynəlxalq Müdafiə sərgisi olan ADEX 2018 Sentyabr ayının 25-i start götürəcək
24.09.2018

25-27 sentyabr 2018-ci il tarixlərində Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində 3-cü “ADEX2018” Azərbaycan Beynəlxalq Müdafiə sərgisi keçiriləcəkdir. Bu genişmiqyaslı tədbir regionda ən böyük silah və hərbi texnika ekspozisiyalarından biri olmaqla yanaşı müasir silah və avadanlıqların, o cümlədən Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər sərgidə olduğu kimi bu il də sərginin iştirakçı və qonaqlarına salamlama məktubu ünvanlamış və bu məktub sərginin rəsmi kataloqunda dərc ediləcəkdir. Sərgi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi və “Caspian Event Organisers” (CEO) şirkətinin təşkilatçılığı ilə həyata keçirilir.

“ADEX2018” sərgisi dünyanın 29 ölkəsini təmsil edən 224 şirkəti bir araya gətirmişdir. Sərgidə Azərbaycan, Belarus, Çin, Fransa, İsrail, Pakistan, İran, Rusiya, Serbiya, Türkiyə və Ukraynanın aparıcı şirkətlərindən ibarət 11 milli stendinin də iştirakı nəzərdə tutulmuşdur. Bir sıra sərgi iştirakçısı ölkələr əvvəlki illərlə müqayisədə öz milli ekspozisiyalarının sahəsini böyütmüşdürlər. Təmsil olunan şirkətlərin sayının çoxluğuna görə ilk dördlüyə daxil olan ölkələr sırasına Türkiyə (41 şirkət), Rusiya (25 şirkət), İsrail (14 şirkət) və Belarus (10 şirkət)  daxildir. İştirakçıların coğrafiyası Estoniya, Hindistan və Qazaxıstan kimi ölkələrin hesabına genişlənmişdir. Ümumilikdə, ziyarətçi şirkət və qurumlarla birlikdə sərgi coğrafiyası 44 ölkəni əhatə etməkdədir. “ADEX2018” sərgisinin qeydiyyat sponsoru qismində isə Türkiyə Respublikasının Müdafiə Sənayesi Başqanlığı çıxış etmişdir.

Sərginin fəal iştirakçıları kimi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi, eləcə də nazirliyin nəzdindəki istehsalat birlikləri və zavodlar, o cümlədən ANAMA agentliyi əsas rol oynamışdır. Burada peşəkarlar ölkənin müdafiə sənayesinin yenilikləri, habelə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mövcud və inkişaf edən potensialı ilə yaxından tanış ola bilmək şansı əldə edəcəkdir. Bundan başqa, bu il Azərbaycandan "Caspian Ship Building Company”, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, AMEA-nın Yüksək Texnologiyalar Parkı (YTP), “Vitta” Elmi-texniki şirkəti və Hərbi Hava Qüvvələrinin Silah və zirehli texnikaya texniki baxış üzrə servis mərkəzi sərgidə ilk dəfə çıxış edəcəkdir.  

Sərgiyə mətbuat nümayəndələri də böyük maraq göstərmişdir. Belə ki, “ADEX2018” sərgisinə 18 ölkədən  62 aparıcı beynəlxalq və yerli xüsusi media - jurnallar, veb saytlar, xəbər agentlikləri informasiya dəstəyi göstərmişdir. Ümumilikdə, sərgidə 100-dən artıq mətbuat nümayəndəsi akkreditasiyadan keçmişdir. Tədbirin baş informasiya tərəfdaşı Böyük Britaniyanın “IHS Jane's Defence Weekly” dərgisi, rəsmi internet gündəliyi və Veb TV isə Belçikanın “Army Recognition” jurnalı olmuşdur. Eyni zamanda, “Azeri Defence” jurnalı da sərginin informasiya tərəfdaşı qismində çıxış etmişdir.  

Bakı Ekspo Mərkəzinin üç pavilyonunu və açıq meydançasını əhatə edən sərgi, ərazi baxımından 10%-lik artım nümayiş etdirmişdir. Beləliklə, “ADEX2018” sərgisində Hava Hücumundan Müdafiə (HHM) və Raket Əleyhinə Müdafiə (RƏM) sistemləri, Hərbi gəmiqayırma, Silah sistemlərinin hazırlanması və modernləşdirilməsi, Hərbi-elmi tədqiqat, PUA sistemləri, Robot-texniki kompleksləri, Atıcı silahlar, döyüş sursatları və təchizatları, demilitarizasiya sistemləri, raket və artilleriya silahları, reaktiv yaylım atəşi sistemi (RYAS), optik-elektron və lazer texnikası, zirehli texnika, sualtı qayıqlar, Hərbi Dəniz Qüvvələrinin (HDQ) kiber-təhlükəsizliyi, radioelektron müharibə və komandanlıq, idarəetmə, rabitə, kompüter, kəşfiyyat, müşahidə və məlumattoplama (C4ISR) sistemləri, hərbi dəmiryolu qüvvələrinin texnika və avadanlıqları, silahların istehsalı, təmiri və utilizasiyası üzrə texnologiya və avadanlıqlar, eləcə də digər sektorların sərgidə təqdimatı nəzərdə tutulmuşdur. “Aselsan”, “CETC”, “Damen”, “MBDA”, “Norinco”, “IAI”, “Roketsan”, “Rosoboronexport”, “Thales” və digər şirkətlərin hərbi texnika nümayişi ilə çıxışı nəzərdə tutulmuşdur. Bu il digər sektorlar ilə yanaşı, hərbi-aviasiya sənayesi sektoru da geniş təqdim olunmuş və bu sektorda “MİQ” (“МИГ”), “TUSAŞ”, “Leonardo”, “ОАК”, “Motor Siç”, “Rusiya Vertolyotları” və “Aeronautics Group” kimi dünyaca məşhur korporasiya və şirkətlər iştirak etmişdir.

Sərginin açıq meydançası da ayrıca diqqətə layiqdir. Belə ki, burada müxtəlif dünya ölkələrinin şirkətləri təmsil olunmuşdur. Sərginin açıq meydançasında silahlar, hərbi və xüsusi təyinatlı texnika, maddi-texniki təchizat vasitələri, eləcə də ordunun gündəlik fəaliyyəti və hərbi qulluqçuların məişət təminatı üçün nəzərdə tutulmuş vasitələrdən ibarət statik ekspozisiyanın yerləşdirilməsi nəzərdə tutulmuşdur.  

Bu il “ADEX2018” sərgisi xarici nümayəndə heyətlərinin planlaşdırılmış səfərlərinin sayına görə keçən iki sərgidən daha yüksək göstərici əldə etmişdir. Belə ki, sərgidə dünyanın 23 ölkəsini təmsil edən 34 yüksək səviyyəli rəsmi nümayəndə heyətinin ziyarəti nəzərdə tutulmuşdur. Misir, Qazaxıstan və Özbəkistan “ADEX” sərgisinə nümayəndələrini ilk dəfə göndərən ölkələr arasında yer almışdır. Sərgi çərçivəsində nümayəndə heyətlərinin rəhbərləri ilə Azərbaycanın nazirlik və strukturlarının təmsilçiləri arasında danışıqların aparılması nəzərdə tutulmuşdur. Bu danışıqlar zamanı ikitərəfli hərbi-texniki əməkdaşlıq perspektivlərinin müzakirəsi planlaşdırılmaqdadır. Bakı Ekspo Mərkəzinin üçüncü zalında İkitərəfli görüşlərin keçirilməsi üçün xüsusi danışıq zonası yaradılmışdır.

Beynəlxalq nümayəndə heyətləri və şirkətlər tərəfindən “ADEX” sərgisinə göstərilən maraq Azərbaycanın regionda mühüm strateji əhəmiyyətini bir daha təsdiq etmişdir.

Ənənəvi olaraq, sərginin işgüzar proqramı çərçivəsində informativ və əyləncəli tematik tədbirlər, o cümlədən ölkənin müdafiə və təhlükəsizliyi üçün nəzərdə tutulmuş innovativ tədqiqat, məhsul və texnologiyalar sahəsində təqdimatların keçirilməsi planlaşdırılmışdır.

Sərgi iştirakçılarının böyük əksəriyyəti öz yeni məhsullarının nümayişi üçün bu il keçirilən sərgidən istifadə etmək niyyətində olduqlarını bəyan etmişdir. Sərginin xüsusi platforma funksiyasını yerinə yetirməsi üçün yerli və xarici istehsal olan silah, hərbi texnika, yeni texnologiya və materiallar, habelə elm və sənayenin digər sahələrində əldə edilmiş nailiyyətlər, eləcə də bu nailiyyətlərin müdafiə sənayesi müəssisələrindəki istehsalat prosesində tətbiqinin fəal şəkildə təqdim olunması nəzərdə tutulmuşdur. Ukraynanın “ArtOS” artilleriya atəşinin avtomatlaşdırılmış idarəolunma kompleksi, “IHTAR Anti-Drone System” PUA əleyhinə sistem (“ASELSAN” şirkəti), taktiki qarşılıqlı hərəkət simulyatoru (“Zen TacSim” şirkəti), “VITTA” pilotsuz uçuş aparatları, termobarik məhsul çeşidləri (“Arsenal” şirkəti), “Corvette” dəniz gəmiləri (“Dearsan” şirkəti), raket və raket kompleksləri (“Roketsan” şirkəti), trenajorlar və öyrədici oyunlar (“Simsoft” şirkəti), nəqliyyat vasitələri (“Yugoimport” şirkəti), 7,62x51mm çaplı “MG-M2” pulemyotu (“Arsenal” şirkəti), hərbi geyim və aksessuarlar (“Труд” şirkəti), kamuflyaj geyimi (Bakı Tikiş Fabriki), “Milli qayıq” konsepsiyası (“СSBC Ltd.” şirkəti) və digərləri bəyan edilmiş yeni məhsullar arasında yer almışdır.

Bu il sərgi üçün əlavə tədbirlər proqramı da hazırlanmış və sərginin ikinci iş günü istehsalçı şirkətlərin nümayəndələri ilə sifarişçilər arasında ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulmuşdur.

Bu il bütün Azərbaycan öz tarixinin şanlı hadisəsini - Azərbaycan Xalq Cumhuriyyətinin (AXC) qurulmasının 100-cü il dönümünü və Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyini təntənəli surətdə qeyd etmişdir. Azərbaycan Hərb Tarixi və Milli Azərbaycan Tarixi muzeylərinin sərgidə iştirakını xüsusi vurğulamaq lazımdır. Belə ki, sərgidə hər iki qurumun ölkənin bu şanlı tarixinə həsr olunmuş unikal silah və geyim ekspozisiyaları ilə çıxışı nəzərdə tutulmuşdur. Həmçinin sərginin proqramına Azərbaycan Silahlı Qüvvələrinin hərbi orkestrinin ifası, Burhan İmranoğlunun ifasında barıtla unikal rəsm metodunun nümayişi və “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzini təmsil edən uşaqlar tərəfindən çəkilmiş rəsmlərdən ibarət bədii sərgi daxil edilmişdir. Əlavə tədbirlər proqramının zəngin məlumat məzmunu və dolğunluğu cəmiyyətdə vətənpərvərlik ruhunu formalaşdırmaq və gənclər arasında hərbi xidmətin nüfuzunu artırmaq üçün nəzərdə tutulmuşdur.  

Sərgiyə girişin 25-26 sentyabr tarixlərində hərbi, hüquq mühafizə və müdafiə sənayesi, habelə əlaqədar sənaye sahələrinin mütəxəssisləri, eləcə də ali hərbi məktəblərin tələbələri üçün açıq olması nəzərdə tutulmuşdur. 27 sentyabr tarixində kommersiya strukturlarında fəaliyyət göstərən şəxslər öz şəxsiyyət vəsiqələrini təqdim etməklə sərgini ziyarət edə biləcəkdir. Eyni zamanda, sərginin üçüncü günü ölkənin müdafiə qüdrəti ilə yaxından tanış olmaq və bununla da vətənpərvərlik ruhunun aşılanması məqsədilə azyaşlılar da valideynləri ilə birlikdə sərgini ziyarət edə biləcəklər. Bu istiqamətdə bütün ziyarətçilər veb-saytda qeydiyyatdan keçməlidirlər.  

Beləliklə, “ADEX” sərgisi dünyanın silah bazarında ixrac üçün təklif olunan hərbi sənaye kompleksinin müxtəlif sahələri üzrə müasir müdafiə texnologiyaları, hərbi texnikanın ən son nümunələri ilə tanış olmaq imkanı yaratmışdır. “ADEX” sərgisi ən son silah nümunələrinin nümayiş olunması və beynəlxalq hərbi-texniki əməkdaşlıq sahəsində yeni müqavilələrin imzalanması üçün əla platformaya çevriləcəkdir. İştirakçı şirkətlər barədə bütün məlumatların sərginin rəsmi kataloqunda dərc olunması nəzərdə tutulmuşdur. Şirkətlərin yeni məhsulları barədə xəbərlər, ixtiraçı və mütəxəssislərdən götürülmüş müsahibələrlə isə “ADEX2018 Xəbərləri” qəzetinin xüsusi buraxılışında, sərginin www.adex.az veb-saytında və sosial şəbəkələrdə tanış olmaq mümkün olacaqdır.

 



TƏRƏFDAŞLAR