EN
RU
4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi
8 - 10 sentyabr 2020 Bakı Ekspo Mərkəzi
adex

Stendin rezervasiyası

Sərgi qəzeti

Fotoqalereya

Dəvətnaməni əldə edin
ADEX - Vasitəçilərsiz biznes!
Media мərkəz » Xəbərlər

Vasitəçilərsiz biznes!
25.01.2016

Xəbərlər

Azərbaycanda bir sıra sərgi və konfransların təşkilatçısı, eləcə də sərgi-konqres tədbirlərinin peşəkar operatoru olan “Caspian Event Organisers” (“CEO”) şirkəti 8 beynəlxalq səviyyəli tədbir keçirtdiyi 2015-ci ilə yekun vurur.

Belə ki, 2015-ci ilin yaz mövsümündə “Caspian Event Organisers” şirkəti maliyyə dünyasının 2500 nəfərdən çox təmsilçisini, o cümlədən dövlət orqanlarının yüksək səviyyəli rəsmi nümayəndələri, maliyyə nazirləri, üzv ölkələrin mərkəzi bank rəhbərləri, eləcə də beynəlxalq maliyyə institutları və ictimai təşkilatların təmsilçilərindən ibarət nümayəndə heyətini bir araya toplayan Asiya İnkişaf Bankı (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısının təşkilinə cəlb edildi. Bu cür irimiqyaslı toplantı Heydər Əliyev Mərkəzi və Bakı Konqres Mərkəzinin istifadəyə verilməsindən sonra həmin mərkəzdə təşkil edilmiş ilk tədbir olmuşdur. Toplantının açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev, Asiya İnkişaf Bankının (AİB) prezidenti cənab Takehiko Nakao və digər rəsmi şəxslər iştirak edirdilər. Toplantı həm yerli, həm də xarici KİV nümayəndələri  tərəfindən geniş şəkildə işıqlandırılırdı.

May ayında isə ənənəvi 9-cu Azərbaycan Beynəlxalq “Kənd təsərrüfatı” “CaspianAgro 2015” sərgisi bu tədbirlər estafetini davam etdirdi. Sərgi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunmuş “Kənd Təsərrüfatı İli” üzrə Tədbirlər planına daxil edilmişdi və bu fakt sərgiyə müsbət təsir göstərməklə yanaşı, tədbirin daha böyük maraq doğurması ilə nəticələndi. İlk dəfə olaraq, sərgidə dünyanın 21 ölkəsindən 142 şirkət iştirak edirdi. Sərgiyə gələn ziyarətçilərin sayı 6800 nəfərdən artıq olmuşdur ki bu da əvvəlki illərin analoji göstəricisindən çoxdur. Sərgini Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev və Baş nazir Artur Rasi-zadə ziyarət etmişlər. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov sərginin açılış mərasimində vurğulamışdır ki, “aqrar sahədə təşkil edilən bu kimi sərgilər öz inkişaf mərhələsində olan kənd təsərrüfatı biznesi sahəsində yerli sahibkarlara yeni təcrübə qazandıraraq, ən son texnika və texnologiyalardan yararlanmaq imkanı yaradır”. “CaspianAgro” sərgisi fəaliyyətə başladığı ilk gündən bəri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən dəstəklənir.

“Caspian Event Organisers” şirkəti 2015-ci ilin avqust-sentyabr aylarında Bakı, Gəncə, Şirvan və Şəki şəhərlərində aşağı seçki komissiyalarının üzvləri üçün keçirilən treninqlərin təşkilində iştirak etmişdir. Bu treninqlər aşağı seçki komissiyaları üzvlərinin öhdələrinə düşən işin Avropa və dünya təcrübəsinə uyğun şəkildə təşkilinə həsr olunmuşdu. Treninqlər ölkədə keçirilən parlament seçkiləri ilə əlaqədar Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin təşəbbüsü və Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (MSK) ilə əməkdaşlıq çərçivəsində təşkil edilmişdi.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə keçirilən yeganə tədbir, Azərbaycan Beynəlxalq “Təhsil” (“Education”) sərgisi dünyanın 16 ölkəsindən 124 müəssisəni qəbul etdi. Sərgi çərçivəsində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Texnologiya Universiteti və “Caspian Event Organisers” (“CEO”) şirkətinin iştirakı ilə Əməkdaşlıq Memorandumu imzalandı. Builki sərgini müşayiət edən işgüzar proqram isə tədbiri fərqləndirən amilə çevrildi. Böyük auditoriyanı bir araya toplayan tədbirlərdən biri də “Qızlar üçün təhsil proqramları” mövzusuna həsr edilmiş seminar oldu. Seminarda məktəb direktorları, məktəb psixoloqları və təhsil nazirliyinin nümayəndələri iştirak edirdilər. Tədbirin spikeri qismində ABŞ-ın müstəqil məktəb və assosiasiyaların beynəlxalq məsləhətçisi xanım Marqaret Multon çıxış etdi. “Education” sərgisi ilə eyni platformada 13000 nəfərdən artıq ziyarətçini cəlb etmiş 9-cu Azərbaycan Beynəlxalq “Karyera” sərgisi də keçirildi.

2015-ci ilin oktyabr ayında “Fairmont Baku” otelində “Caspian Event Organisers” şirkətinin təşəbbüsü ilə 1-ci Azərbaycan Dayanıqlı İnkişaf və Korporativ Sosial Məsuliyyət üzrə “Baku CSR Conference 2015” konfransı keçirildi. Bu mühüm tədbir 300 nümayəndə və 34 spikeri bir araya gətirdi. İlk dəfə keçirilməsinə baxmayaraq, “Baku CSR Conference 2015” dayanıqlı inkişaf və korporativ sosial məsuliyyət sahəsində yerli və xarici təcrübənin öyrənilməsi baxımından əla platforma oldu. Konfransın nümayəndələri Azərbaycanda fəaliyyət göstərən SOCAR, Azercell, Access Bank, BP, EY, SAP, Telia Sonera, Təmiz Şəhər və Xalq Bank kimi aparıcı şirkətlərinin təmsilçilərindən ibarət idi. Konfransda həmçinin müxtəlif nazirliklər, dövlət strukturları, məsləhət şirkətləri, beynəlxalq təşkilatlar və xarici ekspertlər iştirak edirdilər.

Noyabr ayında Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov, Bolqarıstan Respublikasının ətraf mühit və su naziri xanım İvelina Vasileva, eləcə də xarici diplomatlar və dövlət orqanları rəhbərlərinin iştirakı ilə ənənəvi “Xəzər: Ətraf mühit üçün texnologiyalar” 6-cı Azərbaycan Beynəlxalq Ətraf mühit “CTE” sərgisi keçirildi. “CTE 2015” sərgisində Azərbaycan, Almaniya, Çexiya, Rusiya, Türkiyə, İsveçrə və digər ölkələri təmsil edən 35 şirkət iştirak edirdi. Çex Respublikasının milli stendi isə ardıcıl olaraq ikinci il sərgidə öz ekspozisiyası ilə çıxış etdi.

Beləliklə, 2015-ci il uğurla keçdi və 2016-cı ildə keçiriləcək sərgi və konfransların inkişaf istiqamətini müəyyənləşdirmiş oldu. Şirkət 2016-cı ildə 7 sərgi və 1 konfransın keçirilməsini planlaşdırır. Belə ki, aprel ayında 3-cü Xəzər Beynəlxalq “Su texnologiyaları” “CATEC 2016” sərgisi keçiriləcək. Sərgi iki ildən bir keçirilir və “Azərsu” ASC tərəfindən dəstəklənir. May ayında isə Azərbaycan Beynəlxalq “Kənd təsərrüfatı” “CaspianAgro” sərgisi öz onillik yubileyini qeyd edəcək. Sərgi bu il öz ənənəvi sektorları ilə yanaşı, “elektron kənd təsərrüfatı” və “laboratoriya avadanlıqları” kimi iki yeni sektoru təqdim edəcək. Payızda sərgi mövsümü 2-ci Azərbaycan Beynəlxalq “Müdafiə sənayesi” “ADEX 2016” sərgi və konfransı çərçivəsində silah və texnikanın, eləcə də milli müdafiənin güc və qüdrətinin möhtəşəm nümayişi ilə açıq elan ediləcək. Bu sərgi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, habelə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə iki ildən bir keçirilir. Tədbir iştirakçılarının xahişini nəzərə alaraq, “ADEX 2016” sərgisinin təşkilatçısı olan “Caspian Event Organisers” şirkəti bu il sərginin iş günlərinin sayını 4 günə qədər uzadıb. Artıq təxminən 150 şirkət “ADEX 2016” sərgisində iştirak edəcəyini təsdiqləmişdir. Çin, İsrail, Rusiya, Türkiyə və Fransa kimi ölkələr isə sərgidə milli stendlərlə çıxış etmək üçün ekspozisiya sahələrini əvvəlcədən rezervasiya etmişlər.

Həmçinin, oktyabr ayında 10-cu Yubiley Azərbaycan Beynəlxalq “Təhsil” “Education” və 10-cu Yubiley Azərbaycan Beynəlxalq “Karyera” “Career” sərgiləri öz yubileylərini qeyd edəcək. Noyabr ayında eyni vaxtda bir neçə tədbirin - 2-ci Azərbaycan Beynəlxalq “Dayanıqlı İnkişaf və Korporativ Sosial Məsuliyyət” “Baku CSR Conference 2016” konfransı, “Xəzər: Ətraf mühit üçün texnologiyalar” 7-ci Azərbaycan Beynəlxalq Ətraf mühit “CTE 2016” sərgisi, eləcə də “Iteca Caspian” şirkəti ilə birlikdə təşkil olunan 22-ci Azərbaycan Beynəlxalq “Telekommunikasiya və İnformasiya texnologiyaları” “Bakutel 2016” sərgi və konfransının keçirilməsi planlaşdırılır.

Beləliklə, bütün sərgilərdə müsbət dinamika müşahidə olunur. Böhran şəraitində biznesin inkişaf etdirilməsi istiqamətində yeni yolların fəal axtarışına olan zərurət artır. Sərgilər potensial müştərilərlə vasitəçilər olmadan əlaqələrin qurulması üçün mövcud olan vasitələrdən biridir. “Caspian Event Organisers” şirkəti 2015-ci ildən etibarən Azərbaycan Konqreslər Bürosunun (“Azerbaijan Convention Bureau”) üzvüdür. Şirkətin təşkil etdiyi bütün tədbirlər dövlət strukturları tərəfindən dəstəklənir.

2016-cı ildə keçiriləcək sərgilərin tam cədvəli ilə şirkətin rəsmi veb-saytında (www.ceo.az) tanış olmaq mümkündür.



TƏRƏFDAŞLAR