EN
RU
4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi
8 - 10 sentyabr 2020 Bakı Ekspo Mərkəzi
adex

Dəvətnaməni əldə edin

Stendin rezervasiyası

Sərgi qəzeti

Rəsmi kataloq
ADEX - Müdafiə sənayesinin inkişafı dövlətin diqqət mərkəzindədir
Media мərkəz » Xəbərlər

Müdafiə sənayesinin inkişafı dövlətin diqqət mərkəzindədir
24.08.2015

Xəbərlər

Prezident İlham Əliyev: Beynəlxalq sərgilərdə nümayiş etdirilən Azərbaycan hərbi texnikası dünya miqyasında da böyük qiymətə malikdir
Hər bir ölkənin müdafiə siyasətinin uğurla həyata keçirilməsi üçün bir sıra mühüm şərtlər mövcuddur. Belə şərtlərdən biri də müdafiə sənayesinin inkişaf etdirilməsi, ordunun hərbi-texniki təchizatında kəmiyyət və keyfiyyət göstəricilərinin daxili istehsal hesabına yüksəldilməsi, dünyada mövcud olan ən qabaqcıl təcrübə və texnologiyalar əsasında yeni istehsal müəssisələrinin yaradılması, müdafiə təyinatlı məhsulların istehsalının artırılması və bu sahədə xaricdən asılılığın azaldılmasıdır. Müdafiə sənayesinin inkişafı həm iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, həm də ölkənin müdafiə qabiliyyətinin, ordunun maddi-texniki təchizatının gücləndirilməsi məqsədlərinə xidmət edir. Təbii ki, işğala məruz qalmış bir ölkə kimi ordu quruculuğuna böyük önəm verən Azərbaycan Respublikasında da müdafiə sənayesinin inkişafı diqqət mərkəzindədir. 
Ordu quruculuğu sahəsində sistemli və kompleks işlər görülür
Ölkəmizdə müdafiə sənayesinin inkişafı ilə bağlı konkret faktlara keçməzdən öncə vurğulamaq yerinə düşər ki, hazırda Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında avanqard yerlərdən birini tutur. Bu inkişafın əsasında müasir dövrün tələblərinə müvafiq olaraq uğurla reallaşdırılan daxili və xarici siyasət kursu dayanır. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi hazırkı dinamik inkişafın əsaslarını təşkil edir. Bir sözlə, Azərbaycan iqtisadi inkişafına, sosial-siyasi sabitliyə, beynəlxalq müstəvidə əldə etdiyi nüfuzuna və mövqeyinə görə güclü, qüdrətli bir dövlətə çevrilib.
Heç şübhəsiz, ölkəmizdə bütün sahələrin paralel inkişafı fonunda ordu quruculuğu sahəsində də sistemli və kompleks işlər aparılır. Azərbaycanın güclü orduya, təkmilləşmiş hərbi sistemə, inkişaf etmiş müdafiə sənayesinə malik olması respublikanın və əhalinin təhlükəsizliyi baxımından böyük önəm kəsb edir. Daha dəqiq desək, müstəqil Azərbaycanın ordu quruculuğuna belə ciddi önəm verməsi, ilk növbədə, ölkəmizin Ermənistanın işğalçılıq siyasətinə tuş gəlməsi ilə əlaqədardır. Məlum olduğu kimi, öz havadarlarının köməyinə arxalanan təcavüzkar Ermənistan 20 ildən artıqdır ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərinin təxminən 20 faizini işğal altında saxlayır və ATƏT-in Minsk qrupu çərçivəsində aparılan sülh danışıqlarını müxtəlif vasitələrlə yubadır. Azərbaycan isə danışıqlar prosesinin nəticə verməyəcəyi təqdirdə öz ərazi bütövlüyünü güclü ordusunun sayəsində bərpa etmək niyyətindədir. 
Eyni zamanda, milli təhlükəsizlik strategiyasının ayrılmaz tərkib hissəsini təşkil edən hərbi təhlükəsizliyin möhkəmləndirilməsi milli ordunun maddi-texniki və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsindən xeyli dərəcədə asılıdır. Məhz son illər ərzində bu sahədə həyata keçirilən köklü islahatlar nəticəsində Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordusuna çevrilib. Azərbaycanda çox sürətlə və yüksək səviyyədə aparılan ordu quruculuğu işi artıq öz bəhrəsini verib.
Yeri gəlmişkən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü münasibətilə Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Dövlət Sərhəd Xidmətinin birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimini izləyən ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev hərbçilər qarşısında çıxışı zamanı bildirib ki, ordunun potensialı gündən-günə möhkəmlənir, güclənir: “Ordu quruculuğu bizim dövlət siyasətimizdir, prioritetdir və son illərdə bu istiqamətdə çox böyük işlər görülmüşdür. Ordumuz yeni texnika ilə təchiz edilir. Bu gün bu texnikanın bir hissəsi burada nümayiş etdirilmiş və sonra təlimlərdə iştirak etmişdir.
Bu gün Azərbaycan Ordusunun maddi-texniki təchizatı ən yüksək səviyyədədir. Bu göstəriciyə görə, bizim ordumuz dünyada ən güclü ordular sırasındadır”.
Azərbaycanda ordu quruculuğu güclü hərbi sənaye ilə dəstəklənir
Beləliklə, ötən müddət ərzində ordu quruculuğunun təkmilləşdirilməsi istiqamətində hüquqi baza möhkəmləndirilib, hərbi hissələrdə möhkəm nizam-intizam yaradılıb, hərbçilərin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində işlər görülüb. Sadalanan məsələlərə paralel olaraq milli ordunun maddi-texniki bazasının yerli məhsullar hesabına genişləndirilməsi də daim diqqət mərkəzindədir. Yəni, son illərdə Azərbaycanda ordu quruculuğu sahəsində əldə olunan uğurlardan söhbət açarkən ölkəmizdə modern müdafiə sənayesinin yaradılmasını xüsusi vurğulamaq gərəkdir. Belə ki, respublikamızda ordu quruculuğu güclü hərbi sənaye ilə dəstəklənir. Prezident İlham Əliyevin 16 dekabr 2005-ci il tarixli Sərəncamına əsasən, Müdafiə Sənayesi Nazirliyinin (MSN) yaradılması respublikamızda güclü hərbi-sənaye kompleksinin formalaşmasında mühüm rol oynayıb. Artıq ölkəmizdə onlarla hərbi təyinatlı zavod fəaliyyət göstərir. Prezident İlham Əliyev Qaradağ rayonunda Hərbi Dəniz Qüvvələrinin yeni bazasının və “N” saylı hərbi hissənin açılışındakı nitqində milli hərbi-sənaye kompleksində hərbi təyinatlı məhsul istehsalının genişlənməsini ordumuzun təchizatı baxımından əvəzolunmaz hal kimi səciyyələndirib.
Qeyd edək ki, Müdafiə Sənayesi Nazirliyi tərəfindən qısa müddət ərzində ölkədə xeyli sayda istehsal sahəsi yaradılıb, istehsal olunan müdafiə təyinatlı məhsulların çeşidləri yüzlərlədir. Prezident İlham Əliyev bildirib ki, bugünkü dünyada daha çox yüksək dəqiqliyə və böyük dağıdıcı qüvvəyə malik olan silahlar üstünlük təşkil edir: “Bu silahları biz alırıq və alacağıq. Eyni zamanda, Azərbaycanda son illərdə yerli istehsal da təşkil edilibdir. 2005-ci ildən bu günə qədər Müdafiə Sənayesi Nazirliyinin xətti ilə 900 adda hərbi təyinatlı silah-sursat istehsal olunubdur və bu gün bu proses davam etdirilir. Gələcəkdə biz sursatlarla, texnika ilə özümüzü tam şəkildə təmin etməliyik. Eyni zamanda, ən müasir müxtəlif texnika alınır, alınacaqdır. Müasirləşmə prosesi daim aparılmalıdır”. 
Onu da vurğulamaq yerinə düşər ki, Prezident İlham Əliyev öz çıxışlarında daxildə istehsal olunan hərbi məhsulların keyfiyyətini yüksək qiymətləndirib: “Patronlar, silahlar, mərmilər, tapançalar, avtomatlar, pulemyotlar, minaatanlar, snayper tüfəngləri, zirehli texnika, pilotsuz təyyarələr - bütün bunlar Azərbaycanda istehsal olunur. Azərbaycanda istehsal olunan hərbi texnika yüksək səviyyədədir. Beynəlxalq sərgilərdə nümayiş etdirilən Azərbaycan hərbi texnikası dünya miqyasında da böyük qiymətə malikdir”. 
Ordumuzun müxtəlif döyüş texnikalarına olan tələbatının xeyli hissəsi daxili istehsal hesabına təmin edilir
Məlumat üçün onu da bildirək ki, 2005-ci ildə yaradılan Müdafiə Sənayesi Nazirliyinin fəaliyyət istiqamətlərinə, əsasən, müdafiə sənayesi sahəsində vahid dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini, habelə müdafiə sənayesi sahəsinin inkişafını təmin etmək, dövlət sifarişi əsasında hərbi texnika, silah, mühəndis texnikası, ehtiyat hissələri, döyüş sursatları və digər müdafiə təyinatlı məhsullar üzrə Dövlət Müdafiə Sifarişi Proqramına uyğun olaraq müdafiə təyinatlı məhsulların yaradılmasını, istehsalını, təkmilləşdirilməsini, təmirini, utilizasiyasını, idxal-ixracını təmin etmək daxildir.
Nazirliyin nəzdində olan müəssisələrdə istehsal olunan yüzlərlə adda məhsul özünün yüksək keyfiyyəti ilə müasir tələblərə cavab verir. Məhz bunun nəticəsidir ki, Azərbaycanın xarici silah bazarlarından asılılığı əhəmiyyətli dərəcədə azalıb. Artıq ordumuzun müxtəlif döyüş texnikalarına olan tələbatının xeyli hissəsi daxili istehsal hesabına təmin edilir. Ölkəmizdə hərbi-sənaye kompleksinə aid “İqlim”, “Avia-Aqreqat”, “Sənayecihaz”, “Dalğa” elm-istehsalat birlikləri, “Elektron Hesablayıcı Maşınlar”, “Gəncə maşınqayırma” və s. bu kimi müəssisələr uğurla fəaliyyət göstərir. Bu müəssisələrdə aviasiya, naviqasiya, cihazqayırma və digər hərbi təyinatlı məhsulların istehsalı ildən-ilə genişləndirilir, eyni zamanda, ən yeni nəsil müasir texnologiyalar istehsalatda tətbiq olunur. 
Beləliklə, ilk növbədə, Azərbaycan Silahlı Qüvvələrinin hərbi-texniki təchizatına xidmət edən müdafiə sənayesinin kəmiyyət və keyfiyyət göstəricilərinin yüksəlməsi ölkənin müdafiə qabiliyyətini yüksəldir, ordumuzun təchizatının ixracdan asılılığını aradan qaldırır. Hərbi məhsulların satışı üzrə genişləndirilən xarici əməkdaşlıq isə əlavə iqtisadi dividendlər gətirir, ölkənin xarici bazarlardakı mövqeyini gücləndirir.
Azərbaycanın müdafiə sənayesi sürətlə genişlənir
Müdafiə sənayesinin inkişaf göstəriciləri, qarşıya qoyulan vəzifələr, görüləcək işlər barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılır. Bu baxımdan, iyul ayında Müdafiə Sənayesi Nazirliyinin tabeli müəssisələrində 2015-ci ilin birinci yarımilinin yekunlarına həsr edilmiş səyyar kollegiya iclası nazirliyin birlik və müəssisələrinin istehsal, maliyyə-təsərrüfat fəaliyyətlərinin yekunları və qarşıda duran məsələlərə aydınlıq gətirib. Məlumat verilib ki, hesabat dövründə nazirliyin müəssisələrində 2015-ci il üçün nəzərdə tutulan tədbirlərin icrası davam etdirilib, respublikanın güc strukturlarının sifarişləri əsasında bağlanmış müqavilələr üzrə müdafiə təyinatlı məmulatlar istehsal olunaraq sifarişçilərə təhvil verilib. Eləcə də, mülki məmulat istehsalının genişləndirilməsi davam etdirilib.
Müdafiə təyinatlı məmulatların yaradılması sahəsində nazirliyin elmi müəssisələrinin potensialından istifadə etməklə bir sıra elmi-tədqiqat və təcrübi-konstruktor işləri uğurla həyata keçirilir. Bu sahədə respublikanın elm ocaqlarından Azərbaycan Milli Elmlər Akademiyası, Milli Aviasiya Akademiyası və digərləri ilə sıx əməkdaşlıq edilir.
Nazirliyin Elmi-Tədqiqat İnstitutunda cari ildə 20 mövzu, o cümlədən dövlət sifarişi xətti ilə 9 mövzu üzrə elmi-tədqiqat və təcrübi-konstruktor işləri davam etdirilir. Eləcə də, Milli Aerokosmik Agentliyinin (MAKA) 2015-ci ildə elmi-tədqiqat işləri üzrə planında müdafiə təyinatlı məmulatların fəaliyyət prinsiplərinin işlənməsi, aerokosmik məlumatların emalının təkmilləşdirilməsi və ekoloji monitorinq məsələlərinin həllinə xüsusi yer verilib.
Ölkəmizdə istehsal olunan məhsullar beynəlxalq sərgilərdə uğurla təmsil olunur
Ölkəmiz üçün qürurverici haldır ki, milli hərbi-sənaye kompleksində buraxılan müxtəlif növ döyüş texnikası qısa müddətdə xarici bazarlara yol tapıb. Son illərdə ölkəmizin hərbi-sənaye kompleksinə daxil olan müəssisələrdə buraxılan müxtəlif növ döyüş texnikası beynəlxalq sərgilərdə uğurla nümayiş etdirilir ki, bu da respublikamızda hazırlanan hərbi təyinatlı məhsulların geniş rəqabət imkanlarına malik olmasının təsdiqidir. Müqayisə üçün deyək ki, Azərbaycan ilk dəfə beynəlxalq sərgilərdə 27 adda məhsulla təmsil olunmuşdu. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu-Dabidə keçirilən “İDEX-2015” beynəlxalq müdafiə sərgisində isə respublikamız 180-dək müxtəlif növ döyüş texnikası ilə çıxış edib. Burada nümayiş etdirilən məmulatlardan “Yırtıcı”, “Yalquzaq”, “İstiqlal”, “Mübariz” snayper tüfəngləri, “Şimşək-10” hücum pulemyotu, NATO standartlarına uyğun 5,56x45 çaplı avtomat silah, digər döyüş sursatları sərgidə təmsil olunan və qonaq qismində qatılan ölkələrin nümayəndə heyətləri tərəfindən böyük maraqla qarşılanıb. 2014-cü il sentyabrın 11-13-də isə Azərbaycan “ADEX-2014” sərgisinə ev sahibliyi edib. “ADEX-2014” sərgisinə dünyanın 34 ölkəsindən 200 şirkət və 22 rəsmi nümayəndə heyəti qatılmışdı. Azərbaycan isə ev sahibliyi etdiyi sərgidə 37 şirkətlə təmsil olunmuşdu. Uğurla keçən sərgi Azərbaycanın müdafiə sənayesinin bütün dünyada artan nüfuzunun, ölkəmizin hərbi potensialının daha bir təsdiqinə çevrildi.
Bundan başqa, Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan məmulatlar cari ilin may ayında Türkiyənin İstanbul şəhərində keçirilən “İDEF-2015” beynəlxalq müdafiə sənayesi sərgisində uğurla nümayiş olunub. İki ildən bir keçirilən “İDEF” sərgisində Müdafiə Sənayesi Nazirliyi artıq dördüncü dəfədir iştirak edib. Bu sərgidə Müdafiə Sənayesi Nazirliyi 184 adda müdafiə təyinatlı məmulatı nümayiş etdirib.
Ümumilikdə, beynəlxalq sərgilərdə nümayiş olunan Azərbaycan istehsalı məmulatlar sərgiyə gələnlərin böyük marağı ilə qarşılanır. Bu cəhətdən istisna olmayan “İDEF-2015” sərgisi çərçivəsində bir sıra ölkələrin qabaqcıl şirkətlərini təmsil edən nümayəndə heyətlərinin rəhbərləri ilə görüşlər keçirilib, mövcud və yeni əməkdaşlıqlara dair danışıqlar aparılıb. Sərgi zamanı 2016-cı ildə Azərbaycanda keçiriləcək “ADEX-2016” ikinci beynəlxalq müdafiə sənayesi sərgisi ilə bağlı məlumatlar verilib və dəvətlər çatdırılıb.
Göründüyü kimi, Azərbaycan iqtisadiyyatının digər sahələri kimi müdafiə sənayesi də sürətlə inkişaf edir və bu sahənin inkişafı Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin birbaşa nəzarəti altındadır. Bu isə o deməkdir ki, yaxın gələcəkdə Azərbaycan hərbi gücünü və hərbi təchizat sahəsindəki müstəqilliyini daha da artırmaqla bərabər, beynəlxalq bazarlarda da mühüm tərəfdaşlardan birinə çevriləcək. Və Prezident İlham Əliyev müxtəlif tədbirlərdəki çıxışlarında xaricdən müasir silah-sursat alınması ilə yanaşı, ölkə daxilində hərbi texnikanın istehsalının əhəmiyyətini dəfələrlə vurğulayıb. Elə dövlət başçısının ötən il Ağdamdakı “N” saylı hərbi hissədə hərbçilərlə görüşündə səsləndirdiyi fikirlər də bu sahədəki irəliləyişi təsdiq edir: “Son vaxtlar həm Azərbaycanda müasir silah və texnika istehsal olunur, eyni zamanda, xarici mənbələrdən aldığımız avadanlıq, texnika, silah-sursat ən müasir standartlara cavab verir”.
Mübariz ABDULLAYEV



TƏRƏFDAŞLAR