EN
RU
4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi
8 - 10 sentyabr 2020 Bakı Ekspo Mərkəzi
adex

Dəvətnaməni əldə edin

Stendin rezervasiyası

Sərgi qəzeti

Rəsmi kataloq
ADEX - Mövlud Çavuşoğlu: Türkiyə Azərbaycanla hərbi sahədə əməkdaşlığı ümumu hədəflər çərçivəsində təkmilləşdirmək istəyir
Media мərkəz » Xəbərlər

Mövlud Çavuşoğlu: Türkiyə Azərbaycanla hərbi sahədə əməkdaşlığı ümumu hədəflər çərçivəsində təkmilləşdirmək istəyir
16.03.2015

Xəbərlər

- Cənab nazir, yanvar ayında Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə dövlət səfərinin nəticələri hər iki ölkənin mətbuatında geniş şəkildə şərh edildi və ekspertlər tərəfindən çox müsbət qiymətləndirildi. Mətbuatın şərhlərində böyük hədəflərin olduğundan bəhs edildi. Bu istiqamətdə hansı tədbirlər görülür və hansı yenilikləri qeyd edə bilərsiniz?

-Türkiyə və Azərbaycan ümumi tarix və mədəniyyət birliyi əsasında aralarında güclü münasibətləri olan iki qardaş və strateji müttəfiqlərdir. Ümummilli lider Heydər Əliyevin "bir millət, iki dövlət” kəlamı əsasında hər sahədə inkişaf etməkdə və şaxələnməkdə olan əlaqələrimiz bu gün bütün dünyaya nümunədir.

Əlaqələrimiz birincisi 2011-ci il oktyabrın 25-də İzmirdə, ikincisi 2012-ci il sentyabrın 11-də Qəbələdə, üçüncüsü 2013-cü il noyabrın 13-də Ankarada, sonuncusu isə Prezident İlham Əliyevin Türkiyəyə dövlət səfəri çərçivəsində 2015-ci il yanvarın 15-də Ankarada keçirilən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasları ilə strateji səviyyəyə yüksəlib.

Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası qardaş Azərbaycan ilə malik olduğumuz münasibətlərin "yol xəritəsi”ni gələcəyə yönəlmiş dünyagörüşü ilə müəyyən edən mexanizmdir. Bu, əlaqələrimizin hər aspektdə daha da möhkəmlənməsi istiqamətindəki təşəbbüslərimizə əhəmiyyətli töhfə verir.

Şuranın son iclasında əvvəlki iclaslarda qəbul etdiyimiz qərarların həyata keçirilməsində nail olduğumuz uğurlar və ikitərəfli əlaqələrimizin gündəmində yer alan müəyyən məsələlər ətraflı şəkildə nəzərdən keçirilərək, qarşıdakı dövrdə atıla biləcək addımlar müzakirə edildi. Həmçinin Dağlıq Qarabağ münaqişəsi, beynəlxalq və regional proseslər də nəzərdən keçirildi.

2013-cü ilin noyabrında Ankarada keçirdiyimiz Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 3-cü iclasında qəbul edilən Fəaliyyət Planında əks olunan tədbirlərin vaxtında həyata keçirilməsi Şurada böyük əhəmiyyət verilən amil olmuşdu. Fəaliyyət Planı siyasi, hərbi, hərbi-texniki, təhlükəsizlik, iqtisadiyyat, ticarət, nəqliyyat, energetika, kənd təsərrüfatı sənayesi və texnologiya, təhsil, elm, mədəniyyət, turizm və konsulluq sahələrindəki əlaqələr daxil olmaqla 40-dan artıq layihə və fəaliyyəti əhatə edir.

İqtisadi və ticari əlaqələrimizin iki strateji müttəfiq arasındakı siyasi əlaqələrə uyğun səviyyəyə çatdırılması istiqamətində görülə biləcək tədbirlər də Şuranın iclasında müzakirə edilən mövzular arasında yer alıb. Bu çərçivədə əvvəlki iclasda elan edildiyi kimi, ikitərəfli ticarət dövriyyəsinin həcminin 2023-cü ildə 15 milyard dollara çatdırılması ilə bağlı iradəmizi qarşılıqlı olaraq təsdiq etdik. İqtisadi əlaqələrimiz üçün müəyyən etdiyimiz hədəflərin həyata keçirilməsinə töhfə verə biləcək tədbirlərin görülməsi, ikitərəfli ticarət sahəsində vətəndaşlarımızın səyahət, yaşayış və iş icazələri haqlarının endirilməsi daxil olmaqla bürokratik prosedurların asanlaşdırılması məsələləri də iclas əsnasında ətraflı şəkildə müzakirə edilib, prezidentlərimiz bununla bağlı təlimat veriblər.

Türkiyə və Azərbaycan arasındakı regional əməkdaşlığın ən bariz nümunəsi olan energetika və nəqliyyat sahələrində birgə həyata keçirilən layihələr də Şurada geniş müzakirə olundu. Bu çərçivədə TANAP və Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin vaxtında başa çatdırılması ilə bağlı qərarlı olduğumuzu ifadə etdik.
Şura iclasından az sonra Türkiyənin iqtisadiyyat naziri ilə energetika naziri Azərbaycana səfər etdilər. Sonra mən Bakıya gəldim. Qarşıdakı aylarda isə azərbaycanlı həmkarlarımız Türkiyəyə gələcək. Bu səfərlər Şurada qəbul olunan qərarların həyata keçirilməsinə xidmət edir.

- Azərbaycan və Türkiyə arasında hərbi sahədə yüksək səviyyəli əməkdaşlıq mövcuddur. Prezident İlham Əliyevin Türkiyəyə səfəri çərçivəsində bu məsələ də gündəmə gətirildi. Bu sahədə konkret olaraq hansı addımların atılması nəzərdə tutulur?

-Strateji əlaqələrə malik olduğumuz Azərbaycanla hərbi və müdafiə sənayesi sahəsindəki əməkdaşlığımızı da dərinləşdirmək niyyətindəyik. Xüsusilə, hərbi və müdafiə sənayesi sahəsindəki əməkdaşlığımızı strateji cəhətdən, ümumu mənfəət və hədəflər çərçivəsində təkmilləşdirmək istəyirik. Ölkələrimiz arasında müdafiə sənayesi sahəsində gündəmdə olan mövcud layihələrlə birlikdə, Azərbaycanın ehtiyaclarını nəzərə alaraq əməkdaşlıq etməyə təşəbbüs göstəririk. Silahlı qüvvələrimizin əməkdaşlığını təhsildən başlayaraq, birgə təlimlərə qədər geniş diapazonda davam etdirəcəyik.

2014-cü ildə aralarında Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Quru Qoşunlarının komandanı və Jandarm Qüvvələrinin Baş komandanının da olduğu yüksək səviyyəli hərbi nümayəndə heyəti Azərbaycana səfər edib. Milli müdafiə nazirimiz bir ay ərzində Azərbaycanda üç dəfə olub. Sentyabrda ilk dəfə təşkil edilən Azərbaycan Beynəlxalq müdafiə sənayesi sərgisində (ADEX 2014) Türkiyə yüksək səviyyədə təmsil olunub. Bu səfərlər hərbi və müdafiə sənayesi sahəsində əməkdaşlığımızın inkişaf etdiyini göstərir.

Təbii ki, hərbi və müdafiə sənayesi sahəsində əməkdaşlığımız Prezident İlham Əliyevin ölkəmizə etdiyi son dövlət səfəri zamanı Şuranın IV iclasında da ətraflı şəkildə nəzərdən keçirildi. Bu çərçivədə təhsil, təcrübə mübadiləsi, birgə təlimlər, tədarük, ümumi istehsalat və birgə layihələrin hazırlanması istiqamətində əməkdaşlığımızı və təşəbbüslərimizi daha da gücləndirməyə qərar verdik. Bundan əlavə, dəniz təhlükəsizliyi və kibermüdafiə istiqamətində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı məsələlərdə də eyni mövqeyi bölüşürük. Hərbi təyinatlı sistemlərin müasirləşdirilməsi sahəsində əlaqədar təşkilatların birlikdə fəaliyyət göstərməsini təşviq edirik.

- Rəsmi Ankara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunana qədər Türkiyə-Ermənistan sərhədinin açılmayacağını dəfələrlə bəyan edib. Qardaş ölkənin bu məsələ ilə bağlı mövqeyinə daha nəyi əlavə edə bilərsiniz?

-Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazda sülh, sabitlik və rifaha əngəl törədən ən ciddi maneələrdən biridir. Bu münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında həll olunması xarici siyasətimizin gündəliyindəki ən önəmli məsələlərdəndir. Ölkəmiz bu məsələdə Azərbaycana tam dəstək verir. Biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prosesləri hər zaman yaxından izləyir, problemin həll olunması məqsədi ilə ATƏT-in Minsk qrupu çərçivəsindəki təşəbbüslərə fəal töhfə verməyə çalışırıq. Minsk qrupundan başqa, digər çoxtərəfli platformalarda və üçüncü ölkələrlə təmaslarımızda da Dağlıq Qarabağ münaqişəsini gündəmə gətiririk.

- Ermənilər uydurduqları qondarma soyqırımının "100-cü ildönümünü” qeyd etməyə hazırlaşırlar. Azərbaycan və Türkiyə ictimaiyyəti də heç bir əsası olmayan erməni iddialarına qarşı mübarizə istiqamətində müştərək fəaliyyətlərini gücləndirirlər. Erməni təbliğatını zərərsizləşdirmək üçün başqa nələrə ehtiyac duyulur?

-Təəssüf ki, Ermənistan və erməni diasporu 1915-ci il hadisələri ilə bağlı öz iddialarını digər ölkələrə qəbul etdirməyi milli məsələ olaraq qarşılarına məqsəd qoyublar. Bu, tarixin siyasiləşdirilməsi deməkdir. Biz ümumi tariximizdə yaşananların bütün həqiqəti ilə ortaya qoyulmasında və birtərəfli iddiaların həqiqətin yerini tutmamasında qərarlıyıq. Diqqətimizi sadəcə 2015-ci ilə cəmləşdirmirik. Erməni diasporunun birtərəfli, əsassız iddialarına qarşı biz fikirlərimizi elmi və hüquqi əsasda irəli sürürük. Xüsusilə, parlament diplomatiyası vasitəsilə digər ölkələrin parlamentlərinə düşüncələrimizi çatdırır, tarixin və hüququn siyasiləşdirilməməli olduğunu bildiririk. Həmçinin xaricdəki türk qeyri-hökumət təşkilatları da artıq fikirlərini daha açıq şəkildə ifadə edə bilirlər. Siyasi sahə ilə yanaşı, elmi, hüquqi, ictimai diplomatiya kimi sahələrdə də fəaliyyətimizi keyfiyyət və kəmiyyət baxımından təkmilləşdirməyə davam edirik. Bu işdə azərbaycanlı qardaşlarımızla birgə hərəkət edir, güclərimizi birləşdiririk.

Məlum olduğu kimi, Türkiyə və Ermənistan xarici işlər nazirləri tərəfindən 2009-cu il oktyabrın 10-da Sürixdə diplomatik əlaqələrin qurulması və ikitərəfli əlaqələrin təkmilləşdirilməsi haqqında protokollar imzalanıb. Lakin Ermənistanın Türkiyə ilə münasibətləri normallaşdırmaq niyyəti olmadığını və bütün səylərini 1915-ci il hadisələrinin "100-cü ildönümü”nə cəmləşdirdiyini görürük. Ermənistan prezidenti Serj Sarkisyanın Sürix protokollarını parlamentdən geri götürməsi də onun əlaqələri normallaşdırmaq niyyətinin olmadığını göstərdi.

Türk millətinin tarixində narahatlıq doğuran heç bir məsələ yoxdur. Xatırladım ki, Prezident Rəcəb Tayyib Ərdoğan 2005-ci ildə, Baş nazir olduğu dövrdə ermənilərə açıq şəkildə dəvət ünvanlamışdı. Ermənistan prezidentinə məktub göndərərək türk-erməni ümumi tarixinin ağrılı dövrü ilə bağlı tarixçilər və mütəxəssislərdən ibarət birgə komissiya tərəfindən elmi tədqiqat aparılmasını, bütün arxivlərin araşdırılmasını və faktların beynəlxalq ictimaiyyətə açıqlanmasını tövsiyə etmişdi. Türkiyə Böyük Millət Məclisi, 2005-ci il aprelin 13-də qəbul edilən deklarasiya ilə bu tövsiyəni yekdilliklə dəstəkləmişdi. Təəssüf ki, Türkiyənin bu özünəinamlı yanaşmasına qarşı, erməni tərəfi irəli sürülən təklifdən boyun qaçırır. Erməni iddialarına siyasi səbəblərlə bəzi ölkələrin dəstək verməsinin Ermənistanı birgə fəaliyyət fikrindən uzaqlaşdırdığı da həqiqətdir. Biz xalqlar arasında qarşılıqlı inamın yenidən yaradılması üçün lazımi dialoqun elmi əsasda qurulmasını istəyirik. Biz bunu etməyə hazırıq və bütün erməni arxivləri də elmi tədqiqatlara açılmalıdır.


Mən Prezident Rəcəb Tayyib Ərdoğanın 2014-cü il aprelin 23-də, Baş nazir olarkən verdiyi tarixi başsağlığı mesajını da xatırlatmaq istəyirəm. Bu mesaj son dərəcə açıqdır: Keçmişdə yaşanan bütün acılara hörmətlə yanaşaq, yasımızı birlikdə tutaq, tarixi unutmadan və təhrif etmədən gələcəyə baxaq. Erməniləri dialoq yolu ilə və XXI əsrdə bəşəriyyətin çatdığı mədəniyyət səviyyəsinə yaraşan şəkildə davranmağa dəvət edən bu tarixi addıma Ermənistan iqtidarının hələ də birmənalı cavab verə bilməməsi bir yana qalsın, "soyuq müharibə” dövründən qalan dayaz ritorikanı davam etdirməsi təəssüf doğurur. Bundan başqa, bu yanaşma Ermənistanın status-kvodan yararlanma seçimini də dünyaya nümayiş etdirir.

http://azertag.az/

 



TƏRƏFDAŞLAR