EN
RU
4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi
8 - 10 sentyabr 2020 Bakı Ekspo Mərkəzi
adex

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Sərgi qəzeti

Fotoqalereya
ADEX - Ərəblər Bakıdan silah alacaqlar
Media мərkəz » Xəbərlər

Ərəblər Bakıdan silah alacaqlar
06.03.2015

Xəbərlər

Öz ordusunu gücləndirməyən ölkə başqasının ordusunu yemləmək məcburiyyətindədir. Bu qədim, amma real həqiqəti anlayan ölkələr müdafiə sənayesini inkişaf etdirir, eyni zamanda istehsal etdiyi silah, hərbi texnika və sursatı başqa dövlətlərə satırlar.
Postsovet məkanı ölkələri arasında Azərbaycan artıq silah satıcısı statusuna malik dövlətə çevrilib və bu, şəksiz uğur, fəxr olunası məsələdir.
Ermənistanla elan edilməmiş müharibə şəraitində olduğumuzu nəzərə alsaq, düşmənə qarşı hərbi əməliyyatların aparılmasında zəruri texnika və silahın kiçik qisminin ölkədə istehsalı nəzərdə tutulurdu.
"Meydan hərəkatı dönəmi" adlanan vaxtlarda Bakıdakı sabiq Leytenant Şmidt adına Maşınqayırma Zavodunda əldəqayırma, kustar yolla avtomatlar hazırlanırdı.
Ehtiyac vardı, zərurət duyulurdu.
"Hami"sindən silah və sursat alan Ermənistan Dağlıq Qarabağa yolladığı terrorçu dəstələrini dinc soydaşlarımıza qarşı yönəltmişdi, kəndlər hədəfə alınmışdı, şəhərlər viran olunurdu.
Belə durumda silahlanmaq, özü də mümkün qədər tez silahlanmaq gərəkdi.
Daha sonra müstəqilliyin ilk illəri, Dağlıq Qarabağ müharibəsinin ölkəni qarsayan ağırlığı.
O zamanlar Çeçenistan prezidenti olmuş Cövhər Dudayevin təklif etdiyi, Qroznıdakı maşınqayırma zavodunun sexlərində kustar yolla hazırlanan "Borz" avtomatlarının alınması variantı paradoksdu və vəziyyəti heç cür xilas edə bilməzdi.
100 atışdan sonra lüləsi qızan və əyilən belə "dayandoldurum"larla erməni terrorçularına qarşı vuruşmaq real deyildi.
Rusiya isə Azərbaycana silah satmaq istəmirdi. Daha doğrusu, aşkar şəkildə inkar cavabı verilməsə də, Bakı qarşısında çox ağır şərtlər qoyulmuşdu.
Silahlar və hərbi texnika köhnə, qiymətlər ağlasığmaz dərəcədə baha idi.
Və onda, o ağır günlərdə Azərbaycanda müdafiə sənayesinin yaradılmasına qərar verildi.
Rusiya, ABŞ, Türkiyə, İran bu qərara böyük şübhə ilə yanaşdılar. İnanmadılar. Müharibə aparan, ərazisinin 20 faizi işğal altında olan ölkə döyüşə-döyüşə müdafiə sənayesi yarada bilərdimi?
İrreal təsir bağışlayan bir vəziyyətdi.
Amma Bakı üçün yox: qətiyyət, inam və istək çox böyükdü.
Müdafiə Sənayesi Nazirliyi yaradıldı, Bakıda və ölkənin bir neçə şəhərindəki müəssisələr yeni strukturun balansna keçirildi, işlər başlandı.
O illərdə nazirlikdəki fəaliyyətin intensivliyi ilə bağlı qurumun üst rütbəli funksionerlərindən biri belə deyir: "Bəzən elə olurdu ki, sutkada 1 saat yatırdıq. Amma heç kim şikayətlənmirdi. Qarşıya qoyulan məqsədə çatmaq üçün bütün imkanları səfərbər etmişdik. Məşhur deyimdəki kimi, realistdik - çünki mümkünsüzə inanırdıq".
Ən təcrübəli və məşhur hərbi ekspertlərin dediklərinə rəğmən, Azərbaycanda real, işlək müdafiə sənayesinin yaradılması ilə bağlı prosesin ilkin mərhələsi uğurlu başa çatdı.
Daha sonra isə digər mərhələlər oldu və indi sonuc göz qarşısındadır.
Azərbaycan artıq öz silahlı qüvvələrini ən son hərbi texnika və silahlar, ən başlıcası isə müdafiə və hücum texnologiyası ilə təmin edən ölkəyə dönməklə yanaşı, regional miqyasda silah-texnika satıcısı statusuna yiyələnib.
Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən İDEX-2015 sərgisi də buna bir daha dəlalət edib.
Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin mühəndisləri tərəfindən hazırlanmış EM-14 indeksli avtomat Abu-Dabidə keçirilən İDEX-2015 sərgisində nümayişə çıxarılıb.
Sərgidə avtomatın iki nümunəsi – standart rəngdə və kamuflyajda nümayiş olunub.
NATO 5.56x45 mm çaplı avtomat 6 pilləli tənzimlənən qundağa, kollimatora, lülə üzərində pikkatini relsinə və şəffaf darağa malikdir. Mütəxəssislərin dediklərinə görə, avtomatın atış tempi dəqiqədə 660 atəş, güllənin lülədən çıxış sürəti 860 m/saniyə, nişanalma məsafəsi 1000 metr, çəkisi 3.8 kq-dır. Avtomatın iş prinsipi qaz təpməsi və çaxmağın fırlanmasına əsaslanır.
Artıq silahın ilkin nümunələri hazırlanıb və aprel ayında sınaqlarına başlanacaq. Avtomatın 2016-cı ildən seriyalı istehsalına başlanması nəzərdə tutulur.
Üstəlik, Müdafiə Sənayesi Nazirliyi bir neçə ərəb ölkəsinə silah, sursat və digər müdafiə təyinatlı məhsullar ixrac edəcək.
Nazir Yavər Camalovun dediyinə görə, İDEX-2015 sərgisində bir neçə ərəb dövlətindən sifarişlər alınıb.
Ərəblər qumbaraatanlar, onların döyüş sursatları, habelə müxtəlif çaplı atıcı silahlar üçün döyüş sursatları istəyirlər.
Ərəb ölkələrindəki potensial alıcıları ən çox maraqlandıran silahlarımız arasında "Yalquzaq" da var.
"Yalquzaq" snayper tüfəngidir.
7.62x51 mm (.308 Win) çaplı “Yalquzaq” snayper tüfəngi müxtəlif istismar şərtlərində havanın 93-97% nisbi rütubətliliyində, 50 dərəcə soyuq və istidə, yağış, toz və qarlı şəraitdə istismar oluna bilər. Qeyri-avtomatik – “bolt action” prinsipdə işləyən “Yalquzaq”da nişanalma əməliyyatını rahatlaşdırmaq üçün yığılan qundağın konstruksiyasında qalxma hündürlüyü nizamlanan yanaq və arxalıq nəzərdə tutulub. Nişangah məsafəsi 1000 metr təşkil edən “Yalquzağ”ın çəkisi boş halda 7.2 kq təşkil edir. Snayper tüfəngi 10 patron tutumlu daraqla komplektləşdirilir və döyüş atəş tezliyi dəqiqədə 5-10 atışdır.
Eyni zamanda, Bakıda istehsal olunan RPQ - 7V2 "Qaya" qumbaraatanlarına tələbatın artdığı da vurğulanır.
Ərəb ölkələri ilə yanaşı, Türkiyə də Azərbaycanın istehsal etdiyi "Qaya"nı almağa hazırlaşır.
Əldə etdiyimiz məlumatlara görə, Azərbaycanırn Müdafiə Sənayesi Nazirliyi hazırda bazara 180 adda məhsul çıxarıb ki, onların hər birinə tələbat var.
Silah, sursat, hərbi texnika və texnologiyalar Azərbaycanın ixracında artıq əhəmiyyətli yer tutmağa başlayıb.
Proses belə davam edərsə, ölkəmiz müsəlman Şərqinin ən ciddi və modern silah istehsalçılarından birinə çevrilə bilər.




TƏRƏFDAŞLAR