Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





2-ci Azərbaycan Beynəlxalq Müdafiə sərgisi


ADEX 2016 DailyNews

27 sentyabr Bakı Ekspo Mərkəzində 2-ci Azərbaycan Beynəlxalq Müdafiə “ADEX 2016” sərgisi keçirilir. “ADEX 2016” - müasir silah və texnikanın, eləcə də milli müdafiə kompleksinin güc və qüdrətinin möhtəşəm nümayişidir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi isə sərgiyə dəstək göstərir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev sərgi ilə tanış olub. Dövlətimizin başçısı hər üç pavilyonunda və açıq havada nümayiş etdirilən hərbi məhsullara baxdı.

Sərginin açılış mərasimində cənab Yaqub Eyyubov – Azərbaycan Respublikası Baş Nazirin müavini, cənab Yavər Camalov – Azərbaycan Respublikası Müdafiə Sənayesi Naziri, Edvard Stron – “Caspian Event Orgasiers”şirkətinin direktoru.


Cənab Eyyubov təntənəli açılış mərasimini Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin salamlama məktubu ilə açdı. Ölkə başçısı öz müraciətində qonaqları və sərgi iştirakçılarını 2-ci Azərbaycan Beynəlxalq Müdafiə “ADEX 2016” sərgisinin açılışı münasibəti ilə təbrik etmişdir. Sənəddə həmçinin hərbi-texniki əməkdaşlıq, müasir texnologiya və təhlükəsizlik vasitələrinin mübadiləsi məsələlərinin aktuallığı da qeyd olunurdu. Prezident İlham Əliyev sərginin hərbi sənaye sahəsində yeni və mühüm təşəbbüslərə üçün yol açan hərbi-texniki əməkdaşlıq məsələlərinin müzakirəsi baxımından nüfuzlu platforma kimi əhəmiyyətli rolunu qeyd etmişdir. Ölkə başçısı sərgi iştirakçılarına gələcək işlərində uğurlar, ölkələrinə isə sülh və çiçəklənmə arzuladı.

“ADEX 2016” sərgisi ikinci dəfə keçirilsə də, artıq regionun ən genişmiqyaslı sərgisinə çevrilib. Bu il “ADEX” sərgisində dünyanın 34 ölkəsini təmsil edən 216 şirkət, 21 ölkədən 29 rəsmi nümayəndə heyəti iştirak edir. İştirakçıların coğrafiyası Latviya, Monteneqro, Xorvatiya, Çexiya və Estoniya kimi ölkələrin hesabına genişlənib. Ümumilikdə, ziyarətçi şirkət və qurumlarla birlikdə sərgi coğrafiyası 44 ölkəni əhatə edir. Bakı Ekspo Mərkəzinin üç pavilyonunu və açıq meydançasını əhatə edən sərgi ərazi baxımından 10%-lik artım nümayiş etdirir. Sərgidə öz ölkələrinin aparıcı şirkətlərini təqdim edən 10 ölkə - Azərbaycan, Belarus, İsrail, Çin, Pakistan, Rusiya Federasiyası, Serbiya, Türkiyə, Fransa və Çexiya milli pavilyonları ilə  çıxış edir. Şirkətlərin sayına görə ən böyük pavilyonlar Türkiyə (42 şirkət), İsrail (14 şirkət) və Rusiya (14 şirkət) məxsusdur. “Aselsan”, “CETC”, “Damen”, “MBDA”, “Norinco”, “IAI”, “Roketsan”, “Rosoboronexport”, “Thales” və digər şirkətlər hərbi texnikanın nümayişi ilə çıxış edəcək. Sevindirici haldır ki, eksponentlərin 58%-i Birinci “ADEX” sərgisinin iştirakçılarıdır.

Bu il müdafiə və xüsusi təyinatlı məhsulları, hərbi nəqliyyat vasitələri və texnikanı, eləcə də silah və sursatları təqdim edən yerli eksponentlərin sayı artıb. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi, eləcə də nazirliyin nəzdindəki struktur və zavodlar, o cümlədən Azərbaycan Respublikası Müdafiə Nazirliyi və ANAMA agentliyi sərgidə fəal iştirak edir. Sərgi çərçivəsində Azərbaycanın müdafiə sənayesinin bir sıra yeni məhsullarının təqdimatı planlaşdırılır.

Bu il “ADEX” sərgisini nazir, hərbi idarə rəhbərlərinın başçılıq etdiyi 29 rəsmi nümayəndə heyəti, Türkiyə, Rusiya, İsrail, Pakistan və digər ölkələrin müvafiq strukturlarının nümayəndələri ziyarət edəcəklər. Öz nümayəndə heyətlərini “ADEX” sərgisinə ilk dəfə göndərən ölkələr arasında Bolqarıstan, Bosniya və Herseqovina, Cibuti, Konqo və Serbiya yer alır. Beynəlxalq nümayəndə heyətləri və şirkətlər tərəfindən “ADEX” sərgisinə göstərilən maraq Azərbaycanın regionda mühüm strateji tərəfdaş kimi yüksək rol və əhəmiyyətini bir daha təsdiq edir.

Ümumilikdə, sərgidə aşağıdakı istiqamətlər üzrə əldə edilmiş nailiyyətlərin nümayişi planlaşdırılır: quru qoşunları və hərbi hava qüvvələrinin texnika və silahları, hərbi aviasiya silahları, HHM sistem və vasitələri, xüsusi təyinatlı əmlak və vasitələr, informasiya texnologiyaları, kosmik texnologiyalar, ordunun inzibati və texniki təchizatı. Bu sərgi layihəsinin fərqləndirici xüsusiyyəti müasir qoruma və müdafiə vasitələri, təhlükəsizlik texnikası, sənaye, nəqliyyat təhlükəsizliyi sistemləri, informasiya və rabitə mühafizəsi, yanğın təhlükəsizliyi vasitələri, eləcə də xilasetmə vasitələrinin geniş çeşidinin vahid konsepsiya çərçivəsində irimiqyaslı nümayişidir.

Dünyanın müxtəlif ölkələrini təmsil edən şirkətlərin bron etdiyi açıq sərgi platforması xüsusi diqqətə layiqdir. Bu platformada ən son qırıcı təyyarələr, pilotsuz uçuş aparatları, tanklar, HHM sistemləri və hərbi maşınlar ziyarətçilərə təqdim ediləcək. Bundan başqa, ilk dəfə olaraq zirehli texnikalara xidmət və texniki baxış üzrə servis mərkəzi layihəsi də təqdim ediləcək.

Seminar, təqdimat, sənaye nazirlikləri, istehsalçı şirkətlər və sifarişçilər arasında çoxsaylı ikitərəfli görüşlərin daxil olduğu “ADEX” sərgisinin dolğun işgüzar proqramı tədbirin dialoq platforması kimi unikallığını göstərir. Beləliklə, 28-29 sentyabr tarixində sərgi çərçivəsində “Ərazilərin minalardan təmizlənməsi üzrə sistem və texnologiyaların inkişaf perspektivləri. Bu sahədə fəaliyyət göstərən şirkətlərin iştirakı və rolu”, “Pilotsuz uçuş aparatları sahəsində müasir texnologiya və innovasiyalar” və “Hava hücumundan müdafiə (HHM) sahəsində müasir metod və sistemlər” mövzularına həsr olunmuş seminarlar keçiriləcək. Seminarlarda müdafiə sənayesinin peşəkarları iştirak edə bilərlər.

Sərgiyə mətbuat nümayəndələri də böyük maraq göstərirlər, belə ki, sərginin informasiya dəstəyi 56 aparıcı ixtisaslaşmış jurnal, veb-sayt və informasiya agentlikləri tərəfindən təmin olunur. Ümumilikdə, sərgidə 100-dən artıq mətbuat nümayəndəsi akkreditasiyadan keçib. Tədbirin baş informasiya tərəfdaşı Böyük Britaniyanın “IHS Jane's Defence Weekly” dərgisidir. Sərginin “onlayn” gündəliyi vəzifəsini Belçikanın “Army Recognition” jurnalı yerinə yetirir. “Azeri Defence” jurnalı isə sərginin informasiya tərəfdaşı qismində çıxış edir.

Beləliklə, “ADEX” sərgisi dünyanın silah bazarında ixrac üçün təklif olunan hərbi sənaye kompleksinin müxtəlif sahələri üzrə müasir müdafiə texnologiyaları, hərbi texnikanın ən son nümunələri ilə tanış olmaq imkanı yaradır. “ADEX” sərgisi ən son silah nümunələrinin nümayiş olunması və beynəlxalq hərbi-texniki əməkdaşlıq sahəsində yeni müqavilələrin imzalanması üçün əla platformaya çevriləcək.

Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” şirkəti çıxış edir. “ADEX 2016” sərgisinin qeydiyyat sponsoru qismində isə Türkiyə Müdafiə Sənayesi Nazirliyinin Katibliyi çıxış edir.




Sərgi öz işini sentyabr ayının 30-dək davam edəcək.

Baş xəbərlər
BİZƏ QOŞULUN!
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


Hyatt Regency

VALYUTA MƏZƏNNƏSİ
  26/04/2017 27/04/2017
USD 1.7025 1.7025
EUR 1.8627 1.8627
GBP 2.1858 2.1858
RUR 0.0304 0.0304
HAVA



ADEX is Copyright © 2000-2017 Bütün hüquqlar qorunur. Hosted by VebTek